1988-90-cı illərdə doktorluq işimlə bağlı olaraq Moskvaya, bir vaxtlar (1981-1985-ci illər) aspiranturada oxuduğum və orada müdafiə etdiyim V.A.Steklov adına Riyaziyyat İnstitutuna ezamiyyətə göndərilmişdim. Yeni İli Bakıda keçirdib, geri qayıtmağı qərara almışdım. Faciəyə 1-2 gün qalmış Moskvaya yola düşmək ərəfəsində Bakı şəhərində (xüsusən də 8-ci km və Əhmədli qəsəbəsində) bir qrup təxribatçının xüsusi məqsədlə "erməni ovuna" çıxması müəyyən qüvvələr tərəfindən təşkil olunmuş, açıq-aşkar bir təxribat olub, artıq 1-2 günə gözlənilə bilən dəhşətli faciənin anonsu idi...
Moskvaya uçduqdan sonra, orada buna tam əmin oldum: belə ki, az qala bütün Rüsiya "KİV”ləri Bakıda erməni və rus əhalisinə qarşı yerli əhali tərəfindən guya dəhşətli qırğınların davam etdirildiyini bildirirdilər. Nəinki rus millətçiləri, habelə az-çox ziyalılar, deputatlar da sovet rəhbərliyinə müraciət edərək onları "ciddi tədbir” görməyə çağırırdılar. O vaxtlar və öncə Azərbaycan Xalq Hərəkatının aktivistlərindən biri kimi, siyasi-ideoloji baxışlarımıza görə daha çox sosial-demokratlara yaxın olub, hər hansı formada zorakılığın əleyhinə olduğumuzdan 18-19 yanvarda Bakıdakı məsləkdaşlarımızı, qohum və tanışlarımızı ciddi şəkildə xəbərdar etdik: Sovet ordusu labüdən Bakıda qırğına gedəcəkdir, hər hansı inqilabi çağırışlar boykot olunmalıdır.
Əfsus ki, Bakıda bizi nəinki eşitmək istəmir, əksinə az qala erməni və ruslara xidmətdə təqsirləndirənlər də ortaya çıxırdı. 19 yanvar gecəsi artıq 100 faiz bəlli idi ki, sovet ordusunun Bakıya daxil olmaq əmri verilmişdi. Bu gün də səhvən bəziləri bu ordunun guya "rus ordusu” adlandırmaqla Bakının guya Rusiya tərəfindən işğalından bəhs etmələri əsassızdır. Axı SSRİ hələ də dünya derjavalarından olub, öz sərhədlərini rahatlıqla dağıda bilməzdi. Bakıya soxulan ordunun tərkibində isə kifayət qədər könüllü, ehtiyatda olan sovet əsgər və zabitləri var idi.
O gecə sübhəcən yatmayıb məskunlaşdığımız "Aspirant” yataqxanasından həmvətənlərimizlə birgə Moskvadakı Azərbaycan Səfirliyinin binasına axışırdıq...Artıq orada öyrəndik ki, Bakıda kütləvi insan qırğını baş vermişdir...Təcili olaraq mitinq komitəsini yaradıb, qısa bir vaxtda minlərlə soydaşlarımızı səfirliyin qarşısına toplaya bildik. Məqsədimiz - oradan Ostankino teleqülləsinə yürüş edib, həm Moskva əhlini, həm də SSRİ-nin hakimiyyət orqanlarını bu vəhşiliyə qarşı laqeyd qalmamağa çağırış idi. Amma bizə seyrə çıxmış Moskva əhlinin gözlərindən açıq-aşkar nifrət dolu baxışları istənilən məqamda əleyhimizə qarşı yönələ bilərdi. Qolumuza qırmızı bağlamış nəzarətçilərdən biri kimi ən böyük məsuliyyət də bizim çiyinlərimizə düşürdü. Həm ruslara səbrlə həqiqəti izah etmək, həm də yürüş iştirakçılarına heç bir təxribata uymamağı tövsiyyə edirdik. Ostankino teleqülləsinə çatıb, orada bir neçə çıxışlar edib, bəyanatımızı TV rəhbərliyinə çatdırdıq.
Bütün bunlara baxmayaraq Rusiya KİV öz yanlış təbliğatından əl çəkmirdi. Bakıdakı qırğınların labüd səbəblərini "erməni və rus əhlinin xilası naminə” edildiyini bildirirdi. Doğrusu, o günlər minlərlə azərbaycanlı ailələr kimi, biz də, hətta yataqxanada məskunlaşmağımıza baxmayaraq, hər gün rus millətçilərinin hücumuna məruz qala biləcəyimizdən ehtiyat edirdik... Bunlara baxmayaraq hər yerdə həqiqəti yerli əhaliyə çatdırmaqdan çəkinmirdik...
Məsələn doktoranturasında oxuduğum V.A.Steklov adına İnstitutunun görkəmli alimlərinin xahişi ilə, akt zalında bir neçə dəqiqəlik açıqlamalar verərək, Bakıda baş verən reallıqları onların nəzərinə çatdırdıq. Bütün digərləri kimi, hətta bəzi erməni meyilli alimlər də bizi səbrlə dinləyib, Azərbaycan xalqına başsağlığımızı çatdırmağı xahiş etdilər...Əlbəttə, o vaxtlar bir gənc azərbaycanlı alimin nəhəng Sovet alimləri qarşısında bu kimi cəsarətli çıxışı onun gələcək elmi perspektivləri üçün də təhlükə yarada bilərdi...Amma hələm uşaqlıqdan qəlbimizdə həkk olunmuş HAQQ və ƏDALƏT naminə mübarizədən geri də qala bilməzdik...
Bir neçə gündən sonra Bakıda İnstitutumuzun (şöbəmizin) gənc, savadlı aspirantı Yusifin də itkin düşdüyünü və sonralar bir əlinin tapıldığını eşidib, bir neçə gün hönkür-hönkür ağladım... Allah cəmi şəhidlərimizi rəhmət, ruhlarını şad etsin!
P.S. Bu 23 ildə ilk dəfədir ki, şəhidlərimizin anma mərasiminə zindandan mənən qoşulmalı oluram. Cəmi Xalqımıza Allahdan Səbr diləyirik!
Hilal MƏMMƏDOV Siyasi məhbus
|