Главная » 2012 » Октябрь » 6 » Avropa İttifaqının nümayəndələri professor Hilal Məmmədovun ailə üzvləri ilə görüşəcək
21:36
Avropa İttifaqının nümayəndələri professor Hilal Məmmədovun ailə üzvləri ilə görüşəcək
Xəbər verdiyimiz kimi 05 oktyabr 2012-ci ildə professor Hilal Məmmədovun hüquqlarının Müdafiə Komitəsinin həmsədri, "Tolışon Sədo” qəzetinin təsisçisi Rafiq Cəlilov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nünayəndəliyinə dəvət edilmişdi. Rafiq Cəlilovla əlaqə saxlayıb bu barədə sorğularımızı etdik.
Rafiq Cəlilov ilk olaraq onu bildirdi ki, onu Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinə nümayəndəliyin şöbə rəhbəri Toralf Pilts dəvət etmişdir. Toralf Pilts ilə Rafiq Cəlilovun görüşündə nümayəndəliyin siyasi məsələlər üzrə mütəxəssisi Lyudas Kolesinkas da iştirak etmişdir. Bir saata yaxın müddətdə, səmimi şəraitdə keçən görüşdə Rafiq Cəlilov professor Hilal Məmmədovun həbsinin motivləri, bu həbsi törədə biləcək amillər barədə ətraflı məlumat vermiş, Avropa İttifaqına və Avropa Şurası Parlament Assambleyasına, professor Hilal Məmmədovun işini diqqətdə saxladıqları üçün həm öz adından, həm də Müdafiə Komitəsinin adından təşəkkürünü bildirmişdir.
Daha sonra Rafiq Cəlilov professor Hilal Məmmədovun həbsi zamanı qeyri-insani rəftarla üzləşdiyini, döyüldüyünü və bunun nəticəsində çoxlu bədən xəsarətləri aldığını, həmən xəsarətlərin izlərinin, olayın üstündən 4 aya yaxın vaxt keçməsinə baxmayaraq hələm də professor Hilal Məmmədovun bədənində qaldığını, professor Hilal Məmmədovun bütün iddialarının məhkəmə tərəfindən, heç bir inandırıcı dəlil gətirilmədən rədd edildiyini nümayəndəliyin əməkdaşlarının diqqətinə çatdırmışdır. Rafiq Cəlilovun təklifi ilə nümayəndəliyin üzvləri ilə professor Hilal Məmmədovun ailə üzvlərinin görüşməsi barədə razılıq əldə edilmişdir.
Rafiq Cəlilov daha sonra nümayəndəlik əməkdaşlarının professor Hilal Məmmədovla bağlı suallarını cavablandırmışdır.