Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon təşkilatının sədri Hacı Ruhulla Axundzadənin evində axtarış aparılıb. Bu barədə AİP Baş Məclisinin üzvü Kərbəlayı Natiq Kərimov məlumat verib.
N. Kərimovun sözlərinə görə, R. Axundzadənin ailəsindən bildirilib ki, evin həyətyanı sahəsindəki köməkçi tikililərin birində silah aşkarlanıb. N. Kərimov deyib ki, artıq R. Axundzadənin vəkili axtarış aparılan evə yola düşüb.
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunub.
M. Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən iki nəfəri - Mirhüseyn Kazımov və Elçin Həsənov isə yanvarın 18-də sərbəst buraxılıb. M. Səmədovun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov isə yanvarın 7-də 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə saxlanılıblar. M. Səmədov barəsində 13 gün müddətinə inzibati həbs seçilib. Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. V. Abdullayevə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham irəli sürülüb.
TALISH.ORG
|