Diqqət: ksenofobiya!
Ölkə mətbuatında yayılan xəbərlərə görə Azərbaycanın korrupsiyalaşmış dövlət orqanlarını mütəmadi olaraq əsaslı şəkildə tənqid edən tanınmış hüquqşünas, "Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov anadan olduğu kəndin - Masallı rayonun Bədəlan kəndinin "zəhmətkeşlərinin" qınağına tuş gəlib.
Bu gün özlərini Bədalan kənd "ağsaqqalları" kimi qələmə verən bir qrup "zəhmətkeş": Abdullayev Yavər Eynulla oğlu, Nuriyev Malik Nuru oğlu, İbrahimov Nadir Sələng oğlu, Yusifov Bəylər Höccət oğlu, Əliyev Fərhad Səfərəli oğlu, Cavadov Mürsəl Qulam oğlu, Nuriyev Mərdan Nuru oğlu, Nuriyev Cahil Nuru oğlu, Babayev Sudef Məmmədəli oğlu və digərləri avtoritar Əliyev rejiminə yönəli saytların birinin redaksiyasına gedərək Müzəffər Baxışovun mətbuatda istər hüquq-mühafizə orqanları haqqında, istərsə də prokurorluq orqanları və Masallı rayonunda görülən işlər haqda səsləndirdiyi tənqidi fikirlərə "etiraz" etdiklərini bildiriblər.
Bədalan "zəhmətkeşləri" bildiriblər ki, "İlham Əliyev cənablarının liderliyi ilə respublikanın digər bölgələri kimi Masallı rayonu və onun kəndləri də ciddi şəkildə dəyişib. Bədalan kənd sakinləri, ziyalıları, ağsaqqalları bildirdilər ki, bu gün uzun bir müddət prokurorluq orqanlarında çalışmış həmkəndliləri Müzəffər Baxışov vəzifədə olduğu müddətdə neçə-neçə evlərin, mülklərin sahibi olduğunu, övladlarına bahalı avtomobilləri necə aldığını desin, sonra görülən işləri, həyata keçirilən sosial-iqtisadi uğurları qaralama yolunu tutsun. Biz Bakıya kənd camaatının tələbi ilə gəldik. Məqsədimiz onunla görüşmək və tutduğu mövqedən çəkinməsini, dövlətin müxtəlif orqanlarına, eyni zamanda da Masallı rayonunda görülən işlərə kölgə salmasını əngəlləməkdir. Masallı rayonundan Bakıya gələn ağsaqqallar, ziyalılar iki gündü Müzəffər Baxışovun mövcud mobil telefonuna zəng edir. Amma təəssüflər olsun, o ya telefonu açmır, ya da tamamilə telefonunu söndürür. Görünən o ki, Müzəffər Baxışov bizimlə görüşdən narahatdır və bu səbəbdən də görüşdən imtina edir”.
Bununla ürəyi soyumayan Bədalan "zəhmətkeşləri" onların dediklərinə görə, Müzəffər Baxışovun oturduğu ofisi taparaq, ora gediblər və orda Müzəffər Baxışovu haqlayaraq, ona kənd camaatının ultimatumunu çatdırmağa müvəffəq olublar: "Ona həmkəndliləri olaraq tövsiyəmiz belə oldu ki, dövlət orqanları haqqında, Masallı rayonu haqqında, sussun, əks-təqdirdə o, Masallı rayonuna gələndə Bədalan kəndinə buraxılmayacaq”.
Azərbaycan Respublikasınəın Konstitusiyası ilə hər bir vətəndaşa, o cümlədən vətəndaş Müzəffər Baxışova söz azadlığı verilib. Ümumqəbul edilmiş söz və ifadə azadlığa yuxarıda təsvir edilən formada basqı isə ən azı ksenofobiyanın təzahürü kimi qiymətləndirilməlidir. "Zəhmətkeş" bədəlanlılar: Abdullayev Yavər Eynulla oğlu, Nuriyev Malik Nuru oğlu, İbrahimov Nadir Sələng oğlu, Yusifov Bəylər Höccət oğlu, Əliyev Fərhad Səfərəli oğlu, Cavadov Mürsəl Qulam oğlu, Nuriyev Mərdan Nuru oğlu, Nuriyev Cahil Nuru oğlu, Babayev Sudef Məmmədəli oğlu, - öz kənçiləri Müzəffər Baxışovun savadından, hadisələrə real və obyektiv qiymət verməsindən özlərinin dediklərinə görə xoflanmışlar, buna görə onu qəbul edə bilmirlər və hətta onu kənddə buraxmamaq kimi ultumatumla çıxış edirlər. Bu ksenofobiyanın mənbəsi isə təbii ki, bu zavallı "zəhmətkeşlərin" özləri deyillər. Onları bu ləyaqətsiz və şərəfsiz işə sövq edən şübhəsiz ki, Müzəffər Baxışovun tənqid hədəfləri olan Azərbaycanın harınlaşmış iri çaplı məmurlarıdırlar.
Bizdən isə tarixən həmişə haqqın yanında dayanmaq kimi adət-ənənələrə malik olan Bədəlan kəndinin əxlaqın və dəyərlərin yuxarıda adları çəkilən "ağsaqqalların" simasında aşınmasına təəssüf etmək qalır.