Главная » 2014»Октябрь»4 » Erməni və yəhudilərə yox, sionist və erməni separatçılarına nifrət edirəm
00:38
Erməni və yəhudilərə yox, sionist və erməni separatçılarına nifrət edirəm
Mən İslam dininin şiə təriqətinin əqidə əsalarını qəlbən qəbul edir və imkan daxilində əməli göstərişlərini yerinə yetirirəm. Lakin digər məzhəblərə və hətta səmavi dinlərin ardıcıllarına belə məhəbbətim var. Xüsusən sünnilərlə real həyatda dost olmağı və onlarla bir dindaş kimi söhbətləşməyi çox sevirəm. Lakin vəhhabilik kimi məzhəbə və bəhailik kimi dinə və sair bu kimi antiinsani əqidəyə nifrətim var. Ümumiyyətlə, qəlbimdə heç bir sektant düçüncəyə yer saxlamamışam.
Talış dilini normal bilirəm və arxeik sözlərini belə öyrənməyə cəhd edirəm. Talış dili, mədəniyyəti və tarixini həvəskar araşdırmaya və bu xalqın və dilinin aradan getməsinə qarşı mübarizə aparıram. "Mən talışam" kimi söz birləşməsini işlətməyi sevməsəm də, "talış dilini bilirəm" cümləsini sevirəm. Bununla belə heç bir millətə nifrətim yoxdur. Hətta erməni və yəhudilərə belə nifrət edə bilmirəm. Lakin sionistlərə və erməni separatçılarına nifrət edirəm. Panərəbizm, pantürkizm və paniranizmi müsəlman xalqlarının bəlası hesab edirəm. İrqçilik, şovinizm və millətçi düşüncəni özümə yaxın buraxmıram.
Bu qədər etnik millətçilərin, sektant düşüncəlilərin arasında ola-ola onların xəstəliyinə yoluxmadığıma görə az qala qürur hissi keçirdirəm. Lakin bu fikirlərimə görə məni nə talış millətçiləri, nə pantürkistlər, nə dindarlar, nə də ateistlər sevmirlər. Hətta hər gün sosial şəbəkələrdə təhqirlərə və söyüşlə dolu məktublara rast gəlirəm.Pantürkistlər məni xain, talış millətçiləri satqın, dindarlar imansız və ateistlər mövhumatçı hesab edirlər. Nəsimi iki cahana sığışmadı, mən isə dörd cahana sığışmıram. Görəsən, mən kiməm?