Главная » 2011»Август»11 » Hacı Mövsüm Səmədovun vəziyyəti məhkəmədə pisləşib
14:45
Hacı Mövsüm Səmədovun vəziyyəti məhkəmədə pisləşib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə (foto), Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət verərək, bildirib ki, müdafiə etdiyi şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti başa çatdığı üçün onun həbsdə saxlanılması qeyri-qanuni hesab olunmalıdır. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə Hacı Mövsüm Səmədov ifadə verib. O, ittiham aktı üzrə özünü təqsirli bilmədiyini deyib. Dövlət ittihamçısının suallarını cavablandıran zaman M.Səmədovun vəziyyəti pisləşib. Buna görə, prosesə fasilə verilib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Hakim bildirib ki, M. Səmədovun vəziyyəti yaxşılaşandan sonra proses davam etdiriləcək.