" Mən yazıq nə edim ki, Lənkərandanam? ”
Bu sözlər hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə məxsusdur. O, sabiq deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun onun barəsində dediyi fikirlərə münasibət bildirərkən belə deyib.
Ələkrəm Hümbətovun adamı olması barədə söylənilən ittihamlara da toxunan YAP-çı deputat H.Rəcəbli Publika.Az-a açıqlamasında deyib: "Mən Ələkrəm Hümbətovun adamı deyiləm, Lənkəranlıyam. Bunu bütün millət də yaxşı bilir. Sadəcə olaraq Hacıbaba Əzimov boş-boş özündən danışır. Neçə illərdir ki, Hacıbaba Əzimov keçmiş deputat kimi təqaüd almağa çalışır. Onun dediyinin heç bir əhəmiyyəti yoxdur. Mənə millətim, dövlətim qiymət verir. Hacıbaba bədbəxtdir, özü də bu adam Lənkərandandır. Neçə illərdir ki, mənim əleyhimə danışır. Hacıbaba Əzimovun o vaxt universitetə rektor təyin olmasında mənim də xidmətlərim olub. Hacıbabanı və atasını tanıdığım üçün ona çox yaxşılıqlar etmişəm”.
H.Rəcəbli sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələrinin olması barədə yayılan məlumatlara da toxunub: "Mən Lənkərandan olduğum üçün Fərhad Əliyevi də mənim adımla bağlayırlar. Mən yazıq nə edim ki, Lənkərandanam? Bir dəfə dedim də ki, mən nə edim ki, Cənubdanam? İndi gedib pasportumu dəyişim? Məni hər kəs yaxşı tanıyır. Barəmdə kim nə danışırsa qoyun danışsın”.
Azərbaycanda hazırkı hakim ideologiyaya görə "Talış" məhfumuna embarqo qoyulmasını, onun yerində hər yerdə "cənub" sözü işlədilməsini nəzərə alsaq, məlum olar ki, Hadı Rəcəbli talış olmağından gileylənir və buna görə güncə sıxışdırıldığını etiraf edir.
Xatırladırıq ki, Hadı Rəcəbli talış xalqının Azərbaycanda heç bir milli ayrı-seçkiliyə məruz qalmaması barədə verdiyi bəyanatlarla tez-tez gündəmə gələn və Talış zonasından uzun müddətdir ki, saxta yolla seçilən deputatlardan biridir. Görünür cənab "deputat" bu dəfə bilərəkdən, yaxud da bilməyərəkdən (bunu özü yaxşı bilər), ənənəvi ampluasından geri çəkilməli olub. Əgər deputat statusunda olan birisi talış olmağından dolayı belə sıxıntı keçirirsə, onda sadə talışın vəziyyətini Azərbaycanda təsəvvür etmək heç bir çətinlik yaratmır.