Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azər Orucovun sədrliyi ilə "Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı iclas keçirilib.
Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, linqvistik və məhkəmə-texniki ekspertizalar üzrə ekspertlərin – Almaz Bayramova və Məmməd Ramazanovun ifadələri dinlənilib.
Ekspert Bayramova bundan əvvəl H.Məmmədovun iki məqaləsində və talış xalqına müraciətində dövlət hakimiyyət orqanlarına qarşı və millətlərarası ayrı-seçilik salan ifadələrə yol verildiyi barədə rəy təqdim etmişdi.
Lakin məhkəmədə ekspert "dövlət hakimiyyəti orqanları” ifadəsinin aydın tərifini və H.Məmmədovun məhz hansı xalqlar arasında ayrı-seçkilik saldığı barədə açıqlama verə bilməyib, deyə vəkil bildirib.
Digər ekspert Məmmədovun fleş-kartına müdaxilə və onun müraciətində dəyişikliklər edilməsi ilə əlaqədar dindirilib. Lakin M.Ramazanov ziddiyyətli ifadələr verib. Belə ki, əvvəlcə o fleş-kartdakı mətnə əlavələr edilə bilməyəcəyini iddia edib ki, daha sonra belə bir dəyişiklik edilə biləcəyini deyib.
Növbəti məhkəmə iclası aprelin 24-də keçiriləcək.
Xatırladaq ki, 21 iyun 2012-ci ildə həbs edilmiş Hilal Məmmədov üç maddə üzrə ittiham olunur: dövlətə xəyanət, qanunsuz narkotik saxlamaq və milli ayrı-seçkilik salma. Lakin beynəlxalq ictimaiyyət və yerli hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edir. Saxta dövlətə xəyanət ittihamlarından istifadə edən hakimiyyət prosesi qapalı keçirir (contact.az).