Baş redaktorun müdafiə komitəsinin rəhbəri prosesdən təəssüratlarını yazır
«Hilal Məmmədovun işində real şahid hələ olmayıb, polislər xaric, bütün şahidlər "ölü canlardır»
Hilal Məmmədovun işində məhkəmə dinləmələri bitdi. Mən Hilal Məmmədovun müdafiə komitəsinin sədri olaraq son məhkəmələr barədə oxucuya məlumat vermək istəyirəm. Dünənki prosesdən yazmamış keçmiş məhkəmə proseslərindən bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
Artıq 2-ci aydır ki, ikinci "hal” şahidini tapa bilmirlər, (birinci hal şahidi dünyasını dəyişib) hər həftə "taparıq” desələr də, tapa bilmirlər ki, bilmirlər. Deyilənə görə hal şahidi bu saxta məhkəmədə ifadə verməmək üçün iyun ayında respublikanı tərk edərək Rusiyanın Novosibirsk şəhərinə "uçub”. İndi prokuror dirənib ki, gəlin hal şahidinin ibtidai istintaqa verdiyi ifadəni əsas götürək, di gəl ki, müdafiə tərəfi bununla razılaşmır, dirəniblər ki, hal şahidini gətirin, bunu da onunla əsaslandırırlar ki, Hilal Məmmədovun işində real şahid hələ olmayıb, polislər xaric, bütün şahidlər "ölü canlardır”, yəni hamısının ifadələrini oxumaqla məhkəmə olmaz. İndi bunu konpensasiya etmək üçün 14 avqust məhkəməsinə Nizami rayon polis idarəsinin müstəntiqini, hansı ki, Hilal Məmmədovun işini aparırdı, dəvət etdilər. Müstəntiq "yalan danışmayacağına” and içsə də, xeyli yalan danışdı. İlk olaraq vəkillər müstəntiqdən Hilal Məmmədovun yaşadığı evdə vəkillərin iştirakı olmadan aparılan axtarışda Baş Narkotiklərlə mübarizə idarəsinin (idarənin adı nə isə əndrabadi səslənir) işçilərinin (oxu: üzə duranlarının) iştirak etmə səbəbini soruşdular. Müstəntiq, düz danışacağına and içdiyi üçün əslində belə deməli idi: "bu mənə tapşırılmışdı, onlar Hilal Məmmədovun evinə narkotik qoymalı idilər”, ancaq "nəyinsə” xatirinə bunu bu cür dedi: "bu əməliyyatın davamı idi”. Əslində ikisi də eyni şeydir, yəni həmən üzəduran polislər necə küçədə Hilal Məmmədovun cibinə, mobil telefonunu çıxardaraq narkotik qoymuşdular, o cür də evinə narkotik qoymalı idilər ki, buna da şəraiti həmən müstəntiq yaratdı. Sağ olsunlar, çörəylərini "daşdan” çıxardırlar, nə olsun ki, kiminsə tifaqı dağılır? Təki öz tifaqları ac qalmasın.
Hə, müstəntiqə ünvanlanmış digər sual da maraqlı idi: Niyə tapılmış narkotik paketlərindən barmaq izləri götürülmədi? Təbii ki, müstəntiq burda da belə deməli idi: "Ona görə ki, orda ancaq Baş Narkotiklərlə mübarizə idarəsinin üzəduranlarının əl izləri var idi”, ancaq deyə bilmədi, daha doğrusu bunu dolayısı ilə dedi: "Ehtiyac görmədik!” Dahiyanə etiraf! Necə ehtiyac görərdilər ki, dəqiq bilirdilər ki, orda öz barmaq izlərindən başqa iz yoxdur! Yox, müstəntiqi qınamıram, zatən o buyruq quludur, ancaq Hilal məllimin xeyrinə də nə isə edib. Məsələn 25-ci Polis Bölməsinə Hilal məllimin narkotiklərlə əlaqəsinin olub-olmaması barədə sorğu verib və həmən sorğuya cavab verən bölmə rəisi (görünür vəziyyətdən hali deyilmiş) bildirib ki, onlarda bu barədə məlumat yoxdur, yəni Hilal Məmmədov narkotiklərlə məşğul olsa idi 25-ci bölmənin əməkdaşları ən azı ondan aylıq lop alardılar və rəisində bundan xəbəri olardı. Ancaq bu məlumatı (oxu: səhfi) Nizami rayon Polis İdarəsinin rəis müavini alt-üst edib, o, müstəntiqə ünvanladığı məktubunda bildirir ki, bəs sən demə Hilal Məmmədov böyük narkobaron imiş və Polis İdarəsində bu barədə kifayət qədər təkzibolunmaz faktlar varmış.
Düzdür, həmən faktları məhkəməyə "sirrdir” deyərək təqdim etmirlər, (olmayan şeyi necə təqdim etsinlər?) ancaq hakim üçün bunun heç bir qəpiklik dəyəri də yoxdur, çünki hakim Hilal Məmmədovun olmayan günahını ona sübut etməkdə israrlıdır, bu bütün məhkəmə prosseslərində hiss olunur, hakim daima "şahid”lərin müdafiəçisi rolunda çıxış edir, vəkillər şahidlərdən düzgün ifadə almaq üzrə olarkən hakim dərhal müdaxilə edərək şahidə "sən belə demək istəyirsən də, yox?” cümləsi ilə nə deməli olduğunu xatırladır. Hə, keçid alım həmən mobil telefona ki, hansını ki, baş narkobaronlar idarəsinin əməkdaşları çıxardanda Hilal məllimin cibinə narkotik qoymuşdular. Demək telefonu Hilal Məmmədovun cibindən çıxardıb, əvəzinə narkotik qoyandan sonra ağıllarına gəlmir ki, həmən telefonu yerinə, yəni yenidən cibə qoysunlar.Özlərinin "hal” şahidlərinin yanında Hilal Məmmədovun ciblərini boşaldırlar, bunu protokollaşdırırlar və ... telefon yaddan çıxır. 50 nəfər dünya çempionu, nə bilim daha kimlər bu protokolu imzalayırlar və telefonu, hansını ki, Hilal Məmmədovdan "götürməyiblər” (hər üç polis məhz belə ifadə verdilər: Hilal Məmmədovda telefon yox idi!), maddi sübut kimi həmən müstəntiqə təhvil verirlər. Vəkillərin müstəntiqə: "Hilal Məmmədovun telefonu sizə necə verildi?” sualına müstəntiq: "işin içində idi” deyərək, cavab verdi. Vəkillər bütün protokolları ələk-vələk elədilər, heç bir protokolda Hilal Məmmədovdan telefonun müsadirəsi barədə qeyd yox idi, ola da bilməzdi, çünki yuxarıda qeyd etdiyim kimi telefonu cibdən çıxardıb, yerinə narkotik qoyublar, protokollaşdırıb, sənədi müstəntiqə veriblər, sonra qəbul etdikləri narkotikin təsiri keçəndən sonra yadlarına düşüb ki, ay dadi-bidad, bəs telefon bizdədir, dərhal onu müstəntiqə təhvil veriblər. Normal, sivil ölkədə yaşasa idik Hilal Məmmədovu dərhal azad edib, həmən onları içəri basardılar.
Hə, yadımdan çıxmamış, Hilal Məmmədov bu günki, 21 avqust tarixli məhkəmədə də vəsatətlə çıxış etdi və bildirdi ki, Elman Quliyevin 2007-ci ildə müstəntiqlə danışığının videoyazısı var və o videoyazıya bu zalda bir daha baxılmalıdır., çünki həmən videoyazıda Elman Quliyev etiraf edir ki, o 1973-cü ildən xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirib, hətta həmən videomüsahibədə "ağ kağızı mənə imzalatdırın, sonra nə istəyirsiz yazın, mən sizinlə əməkdaşlığı davam etdirməkdə israrlıyam” deyərək, şər makinasının bir detalı olduğunu etiraf edib. Daha sonra Hilal Məmmədov bir sıra digər vəsatətlərlə də çıxış etdi ki, hansılar ki, növbəti dəfə hakim tərəfindən rədd edildi. Təbii ki, hakim qərəzli olduğu üçün bütün vəsatətləri rədd edərək, Hilal Məmmədova özünümüdafiə hüququnu tanımamaqla, bu məhkəməni tezliklə bitirməkdə israrlıdır və buna görə də bütün dinləmələr dayandırıldı və prokurora ittihamı elan etmək üçün iki həftə vaxt verildi. Növbəti məhkəmə prossesi 04 sentyabıra təyin edildi....
Rafiq Cəlilov
bizimyolinfo.com