Bakıdakı İran Mədəniyyət Mərkəzinin əməkdaşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, daha sonra ona iki sutka ərzində ölkəni tərk etmək əmr edilib. Məlumatı İranın yarımrəsmi "Fars” agentliyi yayıb.
"Bakı İran nümayəndəliyinə qarşı təzyiq siyasətini davam etdirir” - deyə agentlik bildirir.
Xəbərdə iddia olunur ki, rəsmi Bakı diplomatik missiyaların statusu haqqında Vyana konvensiyasını pozaraq İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin əməkdaşını 3 saat ərzində həbsdə saxlayıb. Daha sonra onu məcbur edib ki, 48 saat ərzində ölkəni tərk etsin.
"2011-ci ildən bu yana Azərbaycan İran nümayəndəliyinin xidməti pasportlara malik olan 8 əməkdaşını ya ölkəni tərk etməyə məcbur edib, ya da onların ölkəyə girişini qadağan edib” - deyə xəbərdə bildirilir.
"Fars” agentliyi qeyd edir ki, İranın "dostluq siyasətinə” baxmayaraq ötən illər ərzində rəsmi Bakı İran İslam Respublikasının dini liderinin nümayəndəsini, İran telekanalının çəkiliş qrupunu, həmçinin İran Mədəniyyət Mərkəzinin əməkdaşını Azərbaycan ərazisinə buraxmayıb. Onlar ya aeroportdan, ya da quru sərhədlərini keçərək İrana geri dönməli olublar.
"Azərbaycanın İran nümayəndələrinə qarşı addımları və onları ölkədən çıxarması Tehranın Bakıya strateji dəstək verdiyi, Naxçıvanla Azərbaycan arasında quru əlaqəsinə imkan yaratdığı bir vaxtda baş verir. Bundan əlavə, İran cavab addımları atmaqdan çəkinir və Bakının Tehranda Azərbaycan Mədəniyyət Mərkəzi açılmasına dair xahişini müsbət cavablandırıb. Biz gözləyirik ki, İran hökuməti Azərbaycan tərəfinin son hərəkətlərinə cavab verəcək və bu ölkənin davam etməkdə olan qeyri-dost addımlarının qarşısını alacaq” - deyə "Fars” agentliyinin şərhində göstərilir (virtualaz.org).