Bu gün "Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə prosesində müttəhimin və vəkillərin əvvəlki iclaslarda irəli sürdükləri vəsatətlərə baxılıb.
Xatırladaq ki, vəsatətlərdən biri H.Məmmədov tərəfindən irəli sürülüb və həmin iş üzrə şahidlərdən biri Əziz Ağakişiyevin ölüm şəraitinin araşdırılması xahiş olunub. Belə ki, H.Məmmədov onun öldürüldüyünü güman edir.
İkinci vəsatət vəkil Ramiz Məmmədov tərəfindən irəli sürülüb və Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Musayevin şahid kimi çağırılmasının vacibliyi ilə əlaqədar olub. Müdafiə tərəfi hesab edir ki o, H.Məmmədovun kirayə qaldığı mənzildə axtarışa sanksiya verməklə səlahiyyətini aşıb.
Üçüncü vəsatət vəkil Cavad Cavadov tərəfindən qaldırılıb və H.Məmmədovda aşkar edilən narkotik maddə paketinin üzərində barmaq izlərinin olmasını müəyyən etmək üçün daktiloskopik ekspertizanın keçirilməsinin vacibliyinə aid olub. Dövlət ittihamçısı bütün vəsatətlərin əleyhinə çıxıb. Onun sözlərinə görə, şahidin ölümünə dair sübut var və orada yazılıb ki, o, beyin qan dövranının kəskin pozulmasından vəfat edib. Müstəntiq Musayev qanun çərçivəsində fəaliyyət göstərib. Daktiloskop ekspertizaya gəlincə, uzun zaman keçdiyindən bu, bir nəticə verməyəcək.
Hakim heyəti iki vəsatəti dərhal təmin etməyib, üçüncü vəsatət isə qısa müşavirədən sonra qəbul olunmayıb.
Sonra hakim Azər Orucov bildirib ki, ikinci şahid Ülfət Abbasovu məhkəməyə gətirmək mümkün deyil, çünki o, Rusiyadadır. Odur ki, hakim hər iki şahidin ifadələrinin oxunmasını və sübutların araşdırılması mərhələsinə keçməyi təklif edib. Lakin vəkillər buna etiraz edərək bildiriblər ki, qanuna görə yalnız ölən şahidin ifadəsini oxuna bilər.
Hakim növbəti iclasda bu məsələyə qayıdacağını vəd edib və onu avqustun 7-nə təyin edib.
H.Məmmədova ictimai dəstək qrupu məhkəmənin qarşısında 30 nəfərin iştirakı ilə piket təşkil edib. Aksiya iştirakçıları əllərində "Hilal Məmmədova azadlıq!”, "Hilal Məmmədova ədalətli məhkəmə!”, "Hilal Məmmədova qarşı yalanlara son!” sözləri yazılmış şüarlar tutublar. Aksiya 10 dəqiqə davam edib və polisin müdaxiləsi olmadan keçib.
* H.Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. O, narkotik maddə saxlamaqda, dövlətə xəyanətdə və milli ədavətin qızışdırılmasında ittiham olunur. Lakin yerli və beynəlxalq təşkilatlar H.Məmmədovun siyasi motivlərlə həbs olunduğunu hesab edirlər (contact.az).