Главная » 2012»Июнь»8 » Naxçıvan MR-i müstəqil dövlət statusu qazanmağa başlayıb
22:18
Naxçıvan MR-i müstəqil dövlət statusu qazanmağa başlayıb
Rəsmi Bakı Naxçıvanda suveren hüquqlarından könüllü imtina edir
Orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının ardınca, Naxçıvanın gömrük xidməti də Dövlət Gömrük Komitəsinin tabeçiliyindən alındı və MR Ali Məclisinin sərəncamına keçdi
Əsası Heydər Əliyev tərəfindən qoyulan regional separatizm Azərbaycanda hakimiyyəti zəpt edən klanın səyi ilə dövlətin siyasətinin bir komponentinə çevrilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmən bölgədə hakimi-mütləq statusuna yiyələnir. Son günlər iki icra strukturunun səlahiyyətləri əllərindən alınaraq Ali Məclis sədrinin ixtiyarına verilib. Artıq Naxçıvan muxtar respublika yox, müstəqil dövlət statusu qazanmağa başlayıb. Prosesin təhlili göstərir ki, Naxçıvan MR tədricən kadr təyinatlarını tam şəkildə öz əlində cəmləyir və istənilən an Bakıya itaətsizlik göstərməyə zəmin hazırlayır.
Yada salaq ki, bir neçə gün öncə Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar vermişdi. Dəyişikliyə əsasən Naxçıvan MR ərazisində orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasını Naxçıvan MR-in Təhsil Nazirliyi həyata keçirəcək. Bu qərara qədər bu funksiya Təhsil Nazirliyində idi. Müşahidəçilər bunu siyasi hakimiyyətin təhsil naziri Misir Mərdanova növbəti sanksiyası kimi dəyərləndirmişdi. Çünki buna qədər nazir Misir Mərdanovun buraxılış imtahanları ilə bağlı səlahiyyətləri Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə, uşaq bağçalarının idarəetməsi isə yerli icra hakimiyyətlərinin sərəncamına verilmişdi. Ancaq bunun ardınca dövlət başçısının 4 iyun 2012-ci il tarixli fərmanı ilə Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturu təsdiqlənib. Yeni əsasnamədə Naxçıvan Muxtar Respublikası DGK Azərbaycan Respublikası DGK-nın strukturundan çıxarılıb. Yəni Naxçıvan DGK de-yure Naxçıvan Ali Məclisinin sərəncamına keçib. Azərbaycanın Dövlət Gömrük Komitəsinin strukturu mərkəzi aparatdan, Bakı və Sumqayıt şəhərlərinin baş gömrük idarələrindən, həmçinin ərazi idarələrindən ibarətdir. Bu artıq Naxçıvan MR-in müstəqil dövlət funksiyasına yiyələnməyə başlaması anlamına gəlir. Gömrük dövlətin atributlarından biridir və heç bir halda onun səlahiyyətlərini regional rəhbərlik mənimsəyə bilməz. Necə ki, ordu və hüquq-mühafizə strukturları bütün ölkə boyu vahid mərkəzdən idarə edilir, eləcə də gömrük sistemi bütün ölkə boyunca bir mərkəzdən idarə edilməlidir. Özü də o halda ki, gömrük xidməti yarı-hərbi strukturdur və ölkənin iqtisadi təhlükəsizliyinə cavabdeh olan əsas qurumlardan biridir.
İkincisi, Naxçıvan DGK mərkəzi hakimiyyətin tabeçiliyindən çıxarılırsa, bu o deməkdir ki, qurumun topladığı gömrük rüsumu və vergilər də mərkəzi büdcəyə yox, MR-in büdcəsinə daxil olacaq. MR-in büdcəsi isə mərkəzi büdcədən tam asılı bir durumdadır. Təkcə bu il Naxçıvan MR-in büdcəsinə 258 milyon manat mərkəzi büdcədən dotasiya ayrılıb. Demək, MR iqtisadi baxımdan özü-özünü dolandıra bilmir və mərkəzi hakimiyyətin dotasiyası ilə yaşamağa məhkumdur. Belə bir halda hansı məntiq və əsasla, gömrük xidmətinin yerli strukturu mərkəzi hakimiyyətin tabeçiliyindən çıxarılır? Paradoksal bir durum yaranır - Naxçıvan MR mərkəzi büdcədən dotasiya ilə dolanır, ancaq eyni zamanda mərkəzi büdcənin maliyyə qaynağı da onun sərəncamına verilir. Eyni məntiqlə sabah Vergilər Nazirliyinin yerli strukturu da MR-in birbaşa tabeçiliyinə verilə bilər. Əslində bu addımdan sonra Vergilər Nazirliyinin yerli xidmətinin birbaşa MR rəhbərliyinin idarəetməsinə verilməməsi məntiqsizlik olardı - büdcənin bir qaynağı mərkəzi, o biri qaynağı isə yerli hakimiyyətin tabeçiliyindədir. İstənilən rakursdan yanaşsaq, bu addıma normal əsas tapmaq mümkün deyil. Tutaq ki, gömrük xidməti ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlı istənilən bir qərar verir, ancaq Naxçıvan DGK hüququ tabeçilik olmadığından bu qərarı vecinə də almır və bunun tam əksi olan bir qərar verir. Bununla da ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaranır. Bu artıq regional separatizmin leqallaşması anlamını verir.
Bundan başqa, Naxçıvanın gömrük sərhədlərindən MR-ə aid olan mallar daşınmır. Bütövlükdə ölkə iqtisadiyyatına aid olan mallar ixrac və idxal edilir. Belə çıxır ki, bu mallara görə alınan gömrük rüsumu və vergilər MR-in büdcəsinə axacaq. Eyni zamanda Naxçıvandan xeyli tranzit malları daşınır - ölkənin tranzit gəlirləri də MR büdcəsinə axacaq. Üstəlik də mərkəzi büdcədən verilən dotasiya var. İndi Naxçıvan MR doğrudan da dünyada analoqu olmayan bir status əldə etmiş olur - ölkənin tranzit və xarici ticarət əlaqələrindən əldə etdiyi gəlirin bir hissəsinə sahib çıxır, üstəlik də büdcədən dotasiya alır.
Belə getsə, tədricən güc strukturlarının, ardınca da ordunun yerli bölmələri mərkəzi hakimiyyətin tabeçiliyindən çıxarılacaq. Bu artıq Naxçıvan MR-in faktiki müstəqil dövlətə çevrilməsi deməkdir. Belə çıxır ki, hakimiyyətdəki Naxçıvan qruplaşması fors-major situasiyada MR-dən sığınacaq kimi faydalanmaq niyyətindədir. Və bu məqsədlə də "Naxçıvan xanı” kimi tanınan V.Talıbovun mövqelərini konkret səlahiyyətlərlə möhkəmləndirirlər. Dağlıq Qarabağda öz suveren hüquqlarını bərpa edə bilməyən Bakı indi Naxçıvanda bu hüquqlardan könüllü imtina etməyə başlayıb. Qısası, regional separatizm dövlətin siyasətinin bir komponentinə çevrilir (Yeni Musavat qəzetinin materialı əsasında).