Главная » 2011 » Март » 2 » Astara sərhəd buraxılış məntəqəsində basabas: ölən var
19:43
Astara sərhəd buraxılış məntəqəsində basabas: ölən var
61 yaşlı qadın İrana həkim müayinəsi üçün gedirmiş
Azərbaycanın İranla sərhəd Astara rayonunda sərhəd buraxılış məntəqəsindəki uzun növbə və sıxlıq bir nəfərin ölümünə səbəb olub. ANS telekanalının məlumatına görə, bu gün səhər təqribən saat 9.20-də Astara sərhəd buraxılış məntəqəsindən İrana keçmək üçün saatlarla növbə gözləyən 61 yaşlı Zəhra İsmayılova məntəqədəki sıxlığa və səs-küylə müşayiət olunan basabasa dözməyərək dünyasını dəyişib.
Astara Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin müdiri İqrar İmamverdiyev bildirib ki, Zəhra İsmayılovanın ölümünün səbəbləri meyitin daxili və xarici müayinəsinin laborator nəticələri bəlli olandan sonra məlum olacaq.
Hadisə şahidləri Z.İsmayılovanın İrana həkim müayinəsi üçün getdiyini bildirib. "Mərhum gəlmişdi ki, İrana həkimə getsin. Gecə saat 2-dən sıxlıq yarandı. Onun da bağrı çatladı və öldü. Əgər qadınları bir tərəfə, kişiləri bir tərəfə düzsələr, qayda-qanun olsa, belə hadisələr də olmaz”, - deyə hadisə şahidi Dilavər Hüseynova vurğulayıb.