
Moskva və Moskva ətrafı rayonların azərbaycanlıları bir araya gəldi
İyulun 20-də Moskvada Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiya nümayəndəliyinin rəhbəri Qalib Hüseynovun iştirakı ilə Moskva və Moskva ətrafı rayonlarda məskunlaşıb, təşkilatlanan diaspor üzvlərinin toplantısı keçirilib.
Toplantının məqsədi iştirakçı diaspor təşkilatlarının bir mərkəzdə birləşərək, Azərbaycanda qarşıdan gələn prezident seçkilərində demokratik qüvvələrin vahid namizədi Rüstəm İbrahimbəyova dəstək ifadə etmək olub.
Toplantıda Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti üçündən son illərdə ölkədən mühacirət edənlərin artdığı qeyd olunub və "Torpaq haray çəkir, dönmə zamanı!” kimi şüarlar səsləndirilib, bu hakimiyyətin sonun gəldiyinə inam ifadə olunub.
Tədbirdə demokratik qüvvələrin Milli Şurası və onun prezidentliyə namizədi Rüstəm İbrahimbəyova qarşı hakimiyyətin qara piar kampaniyası aparması, Şura üzvlərinin təqib və təztiqə məruz qalması pislənilib. İştirakçılar bu xüsusda AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun əsassız ittihamlarla həbsdə saxlanılmasını və ona 11 il azadlıqdan məhrum etmə cəzasının istənilməsini qınayaraq, bunu AXCP sədrindən qisas almaq kimi qiymətləndiriblər. Eyni zamanda Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin, hüquq müdafiəçiləri Mətanət Əzizova və Mirvari Qəhramanlının övladları ilə təhdid edilməsi, vəkil Aslan İsmayılova olan təzyiqlər pislənilib, bütün bu repressiv addımlara son qoyulması, eləcə də siyasi motivlərlə həbs olunan İlqar Məmmədovun, Tofiq Yaqublunun və başqa məhbusların azadlığa buraxılması tələb olunub.
Toplantıda "Azadlıq” qəzetinə dəstək üçün marafon və tarix elmləri namizədi Aydın Balayevin M.Ə.Rəsulzadə haqqında yazdığı "Hа чужих берегах” ("Özgə sahillərdə”) kitabının təqdimatı da keçirilib.
Tədbirdə "Xalqin səsi” və "İNAM” cəmiyyətlərinin rəhbəri Məmməd Quliyev, "Talış”diasporunun rəhbəri İsmayıl Şabanov, "ARAN” Ədəbi-İctimai Birliyinin sədri Yavər Həsən, "İSLAM” cəmiyyətinin sədri Hacı Famil, "AZƏRROS”un həmtəsisçisi Ağadadaş Kərimov, Milli-Mədəni Muxtariyyətin təmsilçisi Rövşən Əliyev, "Odlar yurdu” cəmiyyətinin rəhbəri Mübariz Həsənov və başqaları çıxış ediblər.
İştirakçılar arasında Rusiya azərbaycanlılarının tanınmış iş adamları, ziyalılar və gənc fəallar da olub.