Azərbaycan hakimiyyətinin AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmliyə və onun ailəsinə qarşı amansızlığı bütün cəmiyyəti silkələyib. Xüsusilə son hadisə artıq vətəndaş cəmiyyəti institutlarının ayağa qalxmasına səbəb olub.
Söhbət Təzəxan Mirələmlinin dekabrın 15-də Lankonda ağır cinayətlərə dair məhkəmədə oğlu Vasifin işi ilə bağlı təxribatla üzləşərək 10 sutkalıq həbsindən gedir. Həmin prosesdə Təzəxan Mirələmli və oğlu Vasif təhqir və təzyiqlərə məruz qalıb, zorakılıqla üzləşib.
Bu, Təzəxan Mirələmlinin oğlu ilə bağlı ikinci həbsidir. Iyul ayında da o həbsdəki oğluna yemək vermək istəyərkən, təxribata çəkilərək saxta ittihamla həbs edilmişdi.
Oxucuların diqqətinə çatdıraq ki, bu il Ictimai Palatanın 2 aprel aksiyasında fəal iştirak edib, polis zorakılığı nəticəsində xəsarət alan Təzəxan Mirələmlinin müxalifətçi mövqeyilə əlaqədar onun iki övladı - Cəlilabad şəhər 7 saylı məktəbin 8-ci sinif şagirdi olan Vasif və 7-ci sinif şagirdi olan Vahid aprelin 4-də məktəbin 10-cu sinif şagirdlərindən bir qrupunun fiziki və mənəvi təzyiqlərinə məruz qalıb. Bu hadisə aprelin 5-də də təkrar olunub və Vasif Mirələmovla insident yaradan Cavanşir Həsənli bıçaq yarası alaraq vəfat edib.
Ölkənin vətəndaş cəmiyyəti institutları isə bu məsələyə biganə qalmaq niyyətində deyil. Məlumatlarda deyilir ki, bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlərdən ibarət böyük bir heyətin Lankona gedərək məsələni yerində araşdırması qərara alınıb. "Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov, Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və "Insan Haqları Uğrunda” Ictimai Birliyin sədri Eynulla Fətullayevin heyətdə təmsil olunduğu dəqiqləşib. Lakin başqa nüfuzlu hüquq müdafiəçiləri və hətta diplomatik korpusun nümayəndələrinin də heyətə qatılacağı bildirilir.