Tərəqqipərvər beynəlxalq ictimaiyyətə, insanlıgı, haqqı, ədaləti itirməyən Azərbaycan vətəndaşlarına, ictimai, dini birliklərə, siyasi təşkilatlara Talış Ağsaqqallar Şurasının
MÜRACİƏTİ
Aprelin 10–da , Lənkəran Rayon Velədi kənd sakini, üç uşaq atası 44 yaşlı Babayev Cəmil Rayon Polis Şöbəsində döyülərək ölümcül hala salınmış, iz itirmək məqsədi ilə polis binasının pəncərəsindən aşağı tullanılmışdır. Polis işçiləri əvvəlcə onu rayondakı Diaqnostika Mərkəzinə, sonra isə onkoloji (?) mərkəzə aparıblar... Lakin onun həyatını xilas etmək mümkün olmamışdır.
Ailə üzvlərinin təkidli axtarışından və tələbindən bir gün sonra ağır vəziyyətdə C. Babayevə müalicə prosedurası aparılmadan, taleyin umidinə atılmış vəziyyətdə tapıblar. Biz bu halı hakimiyyətin öz vətəndaşlarına qarşı vəhşi münasibətin, özbaşınalığın, məmur cinayətlərinin, qanunlara hörmətsizliyinin adi hal almasının ən bariz nümunəsi kimi qiymətləndiririk. Bu kimi vəhşiliklərə istər Talış bölgəsini təmsil etmə iddiasında olan, istərsə də Respublika və beynəlxalq səviyyədə fəaliyyət göstərən ictimai, dini, siyasi partiya və birliklərin, qeyri-hökümət təşkilatlarının bu haqsızlığa biganə qalması təəssüf doğurur.
Hazırda Azərbaycan Respublikasında hər bir insanın həyatının hökumət orqanları tərəfindən təhlükəyə məruz qala bilməsi, polisin iqtidarı xalqın qəzəbindən qorumağa xidmət etməsi bir faktdır. Bununla yanaşı, vətəndaşların sərbəst toplaşma kimi Konstitusiya hüququnun nəinki ictimai yerlərdə, hətta şəxsi mülklərində belə reallaşdırılmasına icazə verilməməsi, kobud polis müdaxiləsi ilə dağıdilması ölkədə artıq sırf diktatura və qeyri- rəsmi olaraq fövqəladə vəziyyət rejiminin bərqərar edilməsinin tam təsdiqidir...
Talış Ağsaqqallar ŞurasI bütün bu hallara qəti etirazını bildirməklə bütün haqqsevər, inamlı, əqidəli insanları, birləşərək diktaturanın dayandırılmasın tələb etməyə cağırır.
Talış Ağsaqqallar Şurası