Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, şair Əli Nasir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciət etmişdir.
Müraciətdə deyilir:
Möhtərəm Prezident, cənab Baş prokuror.!
Artıq 4-cü aydır ki, Respublika Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü, "Tolışi sədo” qəzetinin Baş redaktoru, tanınmış hüquq müdafiəçisi, alim-dosent Hilal Əlif oğlu Məmmədov inanılmaz, xarakrercə bir-birlərinə antoqanist olan cinayət maddələri ilə həbs olunmuşdur. Hilal Məmmədovun şəxsiyyətinə, sürdüyü həyat tərzinə yaxşı bələd olduğumuz üçün əminik ki, onun həbs olunmasında bir müəmma vardır. Belə ki, kasıb və sadə həyat tərzi keçirdən bir alimi, ağır astma xəstəsi olan ziyalını narkobaronluqda ittiham edərək, qısa müddətdən sonra isə hüquqlarını müdafiə etdiyi, məhbəsdə dünyasını dəyişmiş professor Novruzəli Məmmədovun ittiham olunduğu ittihamnaməni nöqtə-vergülünə toxunmadan onun özünə tətbiq edərək, istintaqa cəlb olunması qaranlıq mətləblərdən soraq verir.
Apardiğimiz müstəqil tədqiqatlar göstərir ki, Hilal Məmmədova qarşı irəli sürülən iddialar absurd uydurmalara əsaslanır. Onun həbs olunmasına hüquq-mühafizə orqanlarının işçiləri məsuliyyətsiz yanaşaraq, əməliyyatlarda ciddi qanun pozuntularına yol vermişlər. Beləliklə, Hilal Məmmədov kimi vətənimizdə, həm də onun hüdudlarından kənarda tanınan bir riyaziyyatçı alimin, insan hüquqları müdafiəçisinin, istedadlı jurnalistin, eləcə də respublikamızın əsas etnoslarından biri olan Talış xalqının folklor və mədəniyyətinin yorulmaz tədqiqatçısının saxta ittihamlarla həbs olunması biz, RTMM üzvlərini ciddi narahat edir. Düşünürük ki, Hilal Məmmədovu əsassız ittihamlarla həbs edənlərin hədəfi respublikamızın daxilində yeni formalaşma mərhələsinə qədəm qoyan milli-etnik münasibətlərinə sarsıdıcı zərbələr vurmaqla qarşıdurmalar yaratmaqdır. H. Məmmədovun həbs etmə əməliyyatları və sonrakı prosseslər bir daha göstərir ki, bu həbsə görə məsuliyyət daşıyan qanun keşikçilərimiz səlahiyyət əndazələrini aşaraq, ona qarşı fiziki zorakılıq tətbiq etmiş, bilə-bilə vətəndaşımızın taleyinə laqeyd yanaşmış və nəticədə kiminsə konyuktur sifarişini yerinə yetirmişlər.
Möhtərəm Prezident, bu ərəfələrdə ciddi və prinsipial səyləriniz nəticəsində bir sıra xarici dövlətlərdə absurd, qondarma ittihamlarla həbs olunmuş vətəndaşlarımızın azad edilərək, vətənimizə qaytarılması xəbəri ürəkaçan bir hadisə kimi bizi çox sevindir və bu bizə bir daha sübut edir ki, hər bir vətəndaşımız Sizin qayğınız əhatəsindədir. Axı, milli-etnik mənşəyindən, dini əqidələrindən asılı olmayaraq, bütün vətəndaşlarımız çətin anlarında Sizi – Azərbaycan Respublikasının Prezidentini özlərinə dayaq və ümid mənbəyi hesab edirlər.
Möhtərəm Prezident, biz, respublikamızın talış kökənli vətəndaşları da Sizə - çox hörmətli prezidentimizə inanır və güvənirik. Ona görə də Sizdən çox xahiş edirik ki, ağır astma xəstəliyindən əziyyət çəkən bir alimin, insan hüquqları müdafiəçisinin, ziyalının və ən nəhayət Hilal Məmmədovun timsalında dövlətçiliyimizə xidmət edən bir Azərbaycan Respublikası vətəndaşının milli birliyimiz naminə türmədən azad olunması üçün müvafiq göstərişlər verəsiniz. Sizə böyük hörmətlə, Əli Nasir, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri 20 sentyabr 2012-ci il
Müraciət "Tolışon Sədo" qəzetinin bugünkü sayında yer almışdır
|