Главная » 2011»Ноябрь»16 » Amnesty İnternational Azərbaycanda insan haqlarının vəziyyəti haqqında xüsusi hesabatını yayıb
20:02
Amnesty İnternational Azərbaycanda insan haqlarının vəziyyəti haqqında xüsusi hesabatını yayıb
Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. "Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.
Noyabrın 16-da yayılan sənədə görə hakimiyyətin sistematik qısnamalarına baxmayaraq, Azərbaycanda gənclər özlərinin toplaşma və ifadə azadlıqlarından istifadə etməyə yollar tapmağa çalışırlar: "Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib. Dövlət televiziyası Facebook şəbəkəsindən istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır. Azərbaycanda küçədə "Azadlıq” şüarlı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətibi çıxara bilər” – deyə sənəddə qeyd olunur.
Sənəddə nəticə kimi qeyd edilir ki, təşkiltın 2009-cu ildə yaydığı Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatından bəri ölkədə bu sahədə vəziyyət daha da pisləşib: "Hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxaql dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur.
Bəzi ölkələr Azərbaycanın neft və qaz sektoruna yüksək məbləğlərdə sərmayələr yatırıblar. Belə görünür ki, Azərbaycan hökuməti də öz addımlarında məhz həmin sərmayəçi dövlətlərə güvənir. Onların çoxu da bu ölkədə insan haqları pozuntularına göz yuman Avropa Birliyinin üzvü olan dövlətlərdir. Nəticədə də Azərbaycan hökuməti insan haqlarının vəziyyətinə görə səslənən tənqidləri ciddiyə almır”.
Amnesty İnternational nəticə kimi Avropa Komissiyasının prezidenti José Manuel Barroso-ya göndərilmək üçün hazırladığı elektron müraciəti imzalamağa çağırır. Həmin müraciətdə Avropa Komissiyasının rəhbəri Azərbaycanla ticarət əlaqələrində bu ölkədə insan haqları sahəsində irəliləyişlərə önəm verməsi xahiş edilir.
Bundan başqa, Bakı ilə təmaslarda ayrı-ayrı şəxslərin pozulmuş haqlarının gündəmə gətirilməsi istənilir.
Müraciətdə həmçinin Avropa Komissiyasının prezidentindən siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığaı buraxılmasına çağırması xahiş edilir.