Главная » 2010»Декабрь»29 » Andres Herkel: Azərbaycan hakimiyyətinin Novruzəli Məmmədovun talış dilində yazdıqlarını niyə məhv etdiyini anlamıram
14:53
Andres Herkel: Azərbaycan hakimiyyətinin Novruzəli Məmmədovun talış dilində yazdıqlarını niyə məhv etdiyini anlamıram
Dekabrın 22-də Estoniyada AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkelin "Azərbaycan məktubları” adlı kitabının təqdimat mərasimi keçirilib.
Andres Herkel AzadlıqRadiosuna deyib ki, artıq kitabın Azərbaycan dilinə tərcüməsi barədə düşünürlər. Estoniyada iki nəfər kitabı tərcümə eləyə biləcəyini deyib.
Azərbaycan tarixinin 2000-ci ildən sonrakı dövrü kitabda daha ətraflı təsvir olunur. Andres Herkel 2003-cü il prezident seçkilərindən bir il sonra Azərbaycan üzrə həmməruzəçi təyin olunub. Deyir ilk vaxtlar bu ölkədə baş verənləri yaxşı anlaya bilməyib, hakimiyyətin bir Əliyevdən digərinə ötürülməsi ona maraqlı gəlib. Bu ötürülməylə yanaşı beynəlxalq təşkilatlardan da seçkiyə dair tənqidlər gəlməkdə davam edib.
Herkel Heydər və İlham Əliyevlərin siyasətlərinin nəticələrini müqayisə edir:
"Bir tərəfdən indi müxalifət daha çox əzilib, sıxışdırılıb. Digər tərəfdən isə dövlət təbii resursları, xüsusilə neft ehtiyatları hesabına xeyli güclənib. Heydər Əliyev xarici şirkətləri ölkəyə dəvət etməklə güclü qərar verdi. Bakı-Ceyhan çəkildi. Ancaq demokratiya qurmaq üçün şərait xeyli zəifdir”.
Andres Herkel deyir ki, demokratiya üçün ən yaxşı şərait sabitlikdir:
"90-cı illərin əvvəllərində vəziyyət daha qarışıq idi. İndi daha çox imkan var. Ancaq mövcud şərait heç də müxalifətin xeyrinə işləmir. Əksinə, müxalifət getdikcə daha çox sıxışdırılır, müxalifət və müstəqil qəzetlərin sayı azalır. Bu da narahatlıq yaradır”.
2009-cu ildə bir yerli jurnalist təşkilatı Andres Herkeli "Jurnalistlərin dostu” elan etmişdi.
Bu il isə RUH Jurnalistləri Müdafiə Komitəsi prezident İlham Əliyevi bu ada layiq görüb.
Andres Herkel deyir ki, bu xəbər onun üçün "əyləncəli” oldu:
"Yadımdadır, Bakıda mətbuat konfranslarından birində jurnalistlər təkidlə məndən soruşurdular ki, bu məsələni prezidentlə müzakirə etdinizmi? Mən də hər dəfə eyni cavabı verirdim ki, niyə öz prezidentinizdən soruşmursuz? Ona görə indi belə bir xəbər mənim üçün əsl sürpriz oldu”.
"Azərbaycan məktubları”nın 11 səhifəsi hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevə həsr olunub. Avropa Məhkəməsinin qərarına görə, azadlığa buraxılmalı olan Fətullayev narkotik saxlama maddəsiylə hələ də həbsdədir. Herkel deyir ki, Eynulla ilə həm azadlıqda, həm də həbsdə görüşüb:
"Onun həbsə atılandan sonrakı taleyini qələmə almışam. Atası ilə görüşlərimiz bəzən çox çətin və emosional keçib. Mən deyərdim ki, Eynulla hətta bəzi keçmiş nazirlərdən də məşhur məhbusa çevrilib. Avropa Məhkəməsinin qərarına baxmayaraq onun hələ də həbsdə qalmasını heç cür başa düşmürəm”.
Bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsi toplaşıb Eynulla Fətullayevin işini də müzakirə etmiş, Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırmışdı. Bakıda bəzi dairələrin Nazirlər Komitəsindən daha sərt qərar gözləntisinə cavab olaraq Herkel deyir ki, AŞ üzvü olan ölkələrə hər hansı cəza, yaxud sanksiya qəliz məsələdir:
"Biz heç Gürcüstanla münaqişə vaxtı Rusiya Federasiyasına sanksiya tətbiq edə bilmədik. Azərbaycan kimi daha sabit ölkəyə münasibətdə bu, çətin olacaq”.
Andres Herkel kitabında keçmiş siyasi məhbuslara, o cümlədən, "Talışı-sədo” qəzetinin 2009-cu ildə həbsdə vəfat etmiş baş redaktoru Novruzəli Məmmədova da yer ayırıb. Novruzəli Məmmədovun ailəsi və vəkili onun əlyazmalarının məhv edildiyini deyir.
Herkel deyir keçmiş məhbusla ölümündən bir neçə ay görüşüb və bununla bağlı çox kövrək xatirələri var: "Onunla görüşdən əvvəl mənə demişdilər ki, kamerada vəziyyəti pisdir. Ancaq görüşdə yadımda qalan əsas bir şey oldu. Novruzəli deyirdi ki, həbsxanadan əvvəl gördüyü işi həbsxanada tamamlamağa artıq gücü qalmayıb. Mən təkid elədim ki, əgər əsər məhv edilibsə, bəlkə onu təzədən yazmaq olar. Novruzəli dedi ki, artıq çox gecdir, buna gücü çatmaz”.
Andres Herkel Azərbaycan hakimiyyətinin Novruzəli Məmmədova münasibətini, onun talış dilində yazdıqlarının niyə məhv edildiyini anlamadığını bildirir.