
3 iyul 2013-cü il tarixdə Azəri-Talış İctimai Birliyin Gənclər Təşkilatının geniş tərkibdə iclası keçirildi. İclasda ciddi səbəb göstərilmədən Birliyin dövlət qeydiyyatından keçirilməməsi, eləcə də ölkəmizdə insan hüquqları müstəvisində baş verən bir sıra neqativ hallarla bağlı gənclər fikir mübadiləsi etmişlər. Onlar cəmiyyətdə aktiv vətəndaş mövqeyi sərgiləyən ictimai xadimlərin, ziyalıların, habelə gənclərin şərlənərək həbsxanalara salınmasından narahatçılıq keçirtdiklərini bildirmişlər. Çıxışlarda demokratik və hüquqi dövlət quruculuğunda vətəndaşlarımızın rifah halının yüksəlməsinə mane olan çatışmazlıqlara qarşı mübarizə aparan ictimai-siyasi cəhətdən aktivlik edən vətəndaşlara qarşı hüquq mühafizə orqanlarının qeyri-qanuni repressiv hərəkətləri müzakirə olunmuş və narazılıqlar səsləndirilmişdir.
Azəri – Talış İctimai Birliyi Gənclər təşkilatı ölkəmizdə azad söz və demokratik dəyərlərə qarşı yönələn, eləcə də bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu uğrunda mübarizə aparan vətəndaşların qeyri-qanuni həbsləri və məmurların özbaşınalıqlarına etirazlarını bildirərək, aşağıdakı məsələlər barədə bəyanat vermişlər:
On ay müddətində 4 dəfə Dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, lakin hər dəfə də mücərrəd fikirlərlə imtina cavabı alan Azəri – Talış Milli-mənəvi dəyərlər Birliyinə qarşı ögey münasibətə və qeyri-qanuni hərəkətlərə son qoyulsun!
Hüquq müdafiəçisi, "Tolışi sədo” qəzetinin baş redaktoru, fizika-riyaziyyat elmləri doktoru Hilal Məmmədovun göstərdiyi mübariz ictimai fəaliyyətinə və prinsipial vətəndaş mövqeyinə görə şərlənərək, absurd ittihamlarla həbs olunmasını qətiyyətlə pisləyirik! (Açıq Məhkəmə iclaslarında hakimin saxta şahidlərin vəkili "rolunda” çıxış etməsi, müttəhimə isə müdafiə olunmaq üçün hər vəchlə mane olması buna əyani sübutdur!) Onun dərhal azad olunmasını tələb edirik!
Musavat partiyasının Lənkəran şöbəsinin sədri Yadigar Sadıqova qarşı qaldırılan iddiaların həqiqiliyi şübhə doğurur. Qaldırılan iddiaların onun mədəniyyətinə və xarakterinə uyğun olmadığı, eləcə də həbsinin motivlərinin aktiv ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğu qənaətindəyik. Y. Sadıqova qarşı yönələn repressiv kasuslara son qoyulmasını tələb edirik!
Ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrə peşəkar jurnalist obyektivliyi, ədalətli yanaşmaları ilə daim seçilən prinsipial və istedadlı qələm sahibi İdrak Abbasovun Lerik rayonunda jurnalist araşdırması apararkən, rayonun idarəetmə orqanları tərəfindən ona qarşı edilən hücumları və təhqirləri ölkəmizdə azad sözə, eləcə də demokratik dəyərlərə qarşı repressiv addımlar kimi dəyərləndiririk!
Azəri – Talış İctimai Birliyi Gənclər təşkilatı