Главная » 2011»Апрель»29 » Baş redaktorun həbsxanada ölməsi ilə faktı ilə bağlı verilən appelyasiya şikayəti təmin olunmadı (video)
19:14
Baş redaktorun həbsxanada ölməsi ilə faktı ilə bağlı verilən appelyasiya şikayəti təmin olunmadı (video)
Aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, "Tolışi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ailə üzvlərinin Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə mərhumun ailə üzvlərinin vəkili Ramiz Məmmədov, cavabdehlərdən isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mərkəzi müalicə müəsissəsinin nevrologiya şöbəsinin rəisi Məhərrəm İsayev və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi İftixar Qurbanov, eləcə də media nümayəndələri iştirak edirdilər.
Vəkil Ramiz Məmmədov Novruzəli Məmmədovun həbs edildiyi zaman da bir-sıra xəstəliklərdən əziyyət çəkdiyini və ona laqeyd münasibət göstərilməsi nəticəsində onun həbsdə öldüyünü bildirib.
Daha sonra qısa müddətə müşavirəyə gedib geri dönən hakim İlqar Dəmirov iddianın təmin edilməməsi barədə çıxardığı qərarı elan etdi.
Prosesdən sonra vəkil Ramiz Məmmədov bu qərarı ədalətsiz hesab etdiyini və qərardan kassasiya şikayəti veriləcəyini dedi.
Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü ("Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun beyin qansızması nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.