
Məhkəmə önündə növbəti, geniş aksiya gözlənilir
24 aprel 2013-cü ildə d-r Hilal Məmmədovun növbəti məhkəmə prossesi keçirildi. Prosses qapalı olduğu üçün məhkəmənin gedişatı barədə vəkillərdən məlumat aldıq. Gözlənildiyi kimi məhkəmədə şahid qismində "linqvist-ekspert” İlhamə Quliyeva dindirilib. D-r Hilal Məmmədovun, eləcə də vəkillərin suallarını cavablandırmaqda çətinlik çəkən xanım ekspertin "köməyinə” tez-tez hakim Azər Orucov gəlirmiş. Ümumiyyətlə isə bu məhkəmə prosseslərində hakim şahidlərin vəkili rolunu çox uğurla oynayır. Xanım ekspert bütün sualları cavablandırıb qurtara bilmədiyi üçün məhkəmə may ayının 1-i, "zəhmətkeşlər günü”, saat 10:30-a təyin olunub. Çox guman ki, həmən məhkəmə prossesi də həqiqətləri ictimaiyyətdən gizlətmək üçün qapalı keçiriləcəkdir.
D-r Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsi isə məhkəmə getdiyi bir vaxtda məhkəmənin önündə, əllərində "Hilal Məmmədova Azadlıq!” plakatları ilə piket keçirtmişdir. Piket zamanı polislər piketi seyr etmiş, lakin piketin gedişatına müdaxilə etməmişlər.
D-r Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsindən aldığımız məlumata görə d-r Hilal Məmmədovun məhkəməsi "zəhmətkeşlər günü”nə təsadüf etdiyi üçün məhkəmənin önündə, d-r Hilal Məmmədovun həbsinə etiraz olaraq, daha geniş, daha orijinal bir tədbir düzənlənəcəkdir.
Xatırladaq ki, d-r Hilal Məmmədov elman quliyevin zindandan "yazdığı donos” əsasında "narkotiklərin qeyri-qanuni saxlanması” maddəsi ilə 21 iyun 2012-ci ildə həbs edilmiş, daha sonra, yenə də elman quliyevin zindandan "yazdığı” növbəti "donos” əsasında ona "cəsusluq”, "dövlətə xəyanət” və "milli, irqi və dini ayrıseçkilik salma” maddələri də elan olunmuşdur. D-r Hilal Məmmədovun bütün məhkəmə prosseslərində adi hüquqi prosedurlar kobud şəkildə pozulur, müttəhimin və vəkillərin heç bir vəsadətləri təmin edilmir.
D-r Hilal Məmmədovun günagı "sübuta yetirilərsə” ona 15 ilədək həbs cəzası verilə bilər.
Xəbərlər Şöbəsi