Biz bəşəriyyət üzərində şəxsiyyətin ruhani yoxsullaşması qorxusunun, əxlaqi istiqamətlərin itirilməsi təhlükəsinin yarandığı - ənənələrin məhv olduğu, adətlərin unudulduğu, yaşlı və gənc nəsil arasındakı bağların qırıldığı dünyada göz açmış və yaşayırıq. Hal-hazırda biz bir çox şeylərə fərqli yanaşırıq, bir çox şeyləri yenidən aşkar edirik, digərlərini isə yenidən qiymətləndiririk. Təcrübədən gördüyümüz kimi, bu, ilk növbədə, çox səthi bildiyimiz keçmişimizə aiddir. Əminliklə deyə bilərik ki, insanların əksəriyyəti, təəssüf ki, milli mədəniyyətləri ilə çox səthi tanışdırlar. Dövrlər arasındakı əlaqəni bərpa etmək, itirilən dəyərləri geri qaytarmaq zəruridir. Hal-hazırda böyüyən nəslin mənəvi tərbiyəsini təmin etmək, mənəviyyatsızlığa qarşı durmaq son dərəcə vacibdir.
Hətta kənd və əyalətlərdən olan gənclər belə, xalq mahnılarına, oyunlara, rəqslərə və adət-ənənələrə köhnəlmiş və heç kimə lazım olmayan bir şey kimi münasibət bəsləyirlər. Məktəbəqədər yaşda olan bir çox uşaqların valideynləri xalq mədəniyyətinin dəyərlərindən məhrum edilmişdilər. Amma öz xalqlarının köklərini, ənənələrini bilmədən mükəmməl insan tərbiyə etmək mümkün deyil. Xalq mədəniyyətinin dəyərlərinə cəlb etmək beşikdən başlamalıdır.
İnsan dünyaya gəldiyi andan real həyata dair öz dəyər sistemi və tələbləri olan müəyyən mədəni mühitə düşür. Bir çox ölkələrdə xalq mədəniyyəti uşaqların ümumi estetik tərbiyəsinin ayrılmaz hissəsini təşkil edir. Talış xalqı isə, təcrübə göstərdiyi kimi, öz keçmişi, mədəniyyətinin mənbəyi, adət-ənənəsi və s. barədə çox səthi biliyə malikdir. Bizim ölkəmizin mədəniyyətində, insanı əhatə edən həyatda olduğu kimi – məişətdə, televiziyada, musiqidə və s. xarici, əcnəbi təzyiq üstünlük təşkil edir.
Bu problem hal-hazırda uşaqların böyüdüyü, özündə laqeydliyin artımı təhlükəsini saxlayan müxtəlif ənənə və mədəniyyətlərdən ibarət xaotik elementlər toplusunu ifadə edən mühitdə çox mühümdür, çünki hər şeyi eyni zamanda dərk etmək, anlamaq və sevmək mümkün deyil. Həyatda nə isə xüsusi olmalıdır. Bizim uşaqlarımız üçün həmin xüsusi bir şey doğma talış mədəniyyəti, talış folkloru olmalıdır. Axı, bir çox xalqlarda milli mədəniyyət uşağın ümumi estetik tərbiyəsinin ayrılmaz hissəsini təşkil edir.
Məlum olduğu kimi, folklor – milli pedaqogikanın əsas vasitəsidir. Milli pedaqogika – böyüyən nəslin tərbiyəsi üzrə böyüklərin fəaliyyət növü, anlayış və ideya, baxış, fikir və əqidələrin, eləcə də, xalqın böyüyən nəslə tərbiyə və təlim üzrə bacarıq və üsulların inkişafı məsələlərinin milli mədəniyyətdə əks olunmuş cəmi və qarşılıqlı əlaqəsidir. Bu, həm böyüyən nəslə münasibətdə millətin mentaliteti, həm ailə və cəmiyyətdə tərbiyəvi ənənələr, həm də nəsillərin əlaqə və irsidir.
Folklor - uşaqların inkişafının ən zəngin idraki, estetik və mənəvi mənbəyidir. Çünki şifahi xalq yaradıcılığında heç yerdə olmadığı qədər talış xarakterinin cəhətləri, ona məxsus dəyərlər – yaxşılıq, gözəllik, həqiqət, sadiqlik, ədalət, əməyə qarşı hörmətcil münasibət və s. əks edilmişdir.
Tarixi və sosial səbəblərə görə talışlarda vərəsəlik zənciri qırılmış və folklorun prinsiplərindən biri - "xalq hikməti” – illər boyu nəsildən-nəslə, böyüklərdən kiçiklərə, necə deyərlər, "dildən-dilə” cilalanmış xalq təcrübəsinin ötürülməsi pozulmuşdu. Bizim ölkədə məktəbəqədər yaşlı uşaqların valideynləri özləri xalq mədəniyyətinin dəyərlərindən məhrum olmuşdular. Müasir ailədə, demək olar ki, talış xalq musiqiləri səslənmir, nəticə etibarı ilə də, talış xalqının kökləri ilə əlaqə itirilir. Xalq hikməti, xalq bədii sözləri nəsildən-nəslə ötürülürdü və əgər biz uşaqlara xalq mahnılarını oxumağı, xalq rəqslərini ifa etməyi, xalq oyunlarını oynamağı və keçmişi dəyərləndirməyi öyrətməsək, bu irsilik qırıla bilər.
Talış folkloru çox qiymətli milli sərvətdir. Bu, xalqın uzun illər boyu bir çox nəsillərin kollektiv şəkildə səyi ilə toplanmış mənəvi mədəniyyətinin çox böyük təbəqəsidir. Folklor – indiki zaman vasitəsilə keçmişdən gələcəyə aparan cığırdır, qüsursuz və əbədi mənbədir. Körpənin dünyaya göz açdığı ilk günlərdən folklor xüsusi əhəmiyyət kəsb edir. Mənəvi dəyərlərə cəlb edilmə xüsusi qayğı ilə yanaşılan ailə şəraitində baş verirdi.
Uşaqların tərbiyəsində folklor vacib rol oynayır. Onun janrlara ayrılması uşağın müəyyən yaş dövründə: onun mənəvi dünyasını zənginləşdirməyə, onda vətənpərvərlik ruhunu, öz xalqının keçmişinə hörməti inkişaf etdirməyə, talış xalqının adət-ənənələrini öyrənməyə və cəmiyyət arasında mənəvi-əxlaqi davranış normalarını mənimsəməyə imkan verir.
Həmidov Rais, Bakı şəhəri "Tolışon Sədo” N: 31(43), 15 sentyabr 2012
|