Главная » 2013»Январь»16 » Hilal Məmmədovun İsa Qənbərə qarşı Lənkərənda təşkil olunmuş vəhşiliklə bağlı bəyanatı
21:42
Hilal Məmmədovun İsa Qənbərə qarşı Lənkərənda təşkil olunmuş vəhşiliklə bağlı bəyanatı
Müsavat Partiyasının rəhbərliyinə qarşı Lənkərənda təşkil olunmuş vəhşiliklə bağlı "Tolışi Sədo” qəzetinin baş redaktoru, vicdan məhbusu Hilal Məmmədovun bəyanat verib. Bəyanatda deyilir:
"Yanvarın 13-də Lənkəran şəhərində,Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, Müsavat Partiyasının başqanı İsa Qənbərə, partiya liderlərinə və aktivistlərə qarşı bilavasitə hakimiyyət orqanları tərəfindən təşkil olunmuş vəhşilik ölkənin bütün vicdanlı vətəndaşları kimi, bizi də - cəmi məhbusları, o cümlədən siyasi və vicdan məhbuslarını da xeyli narahat etmişdir.
İsa bəyin tamamilə haqlı olaraq bildirdiyi kimi, bu xoşagəlməz hadisənin Lənkəran əhalisinə və Talış xalqına heç bir aidiyyəti yoxdur. Belə ki, bu zonanın zəhmətkeş və ismətli əhalisi həmişə istənilən qonağını (niyyətlərindən asılı olmayaraq) ən yüksək ədəb-əxlaq səviyyəsində qarşılamış və yola salmışlar.
Qonaqlara qarşı vəhşilik etmiş o 100-150 nəfər azğın şəxsin bu hərəkətləri regionda aparılan dəhşətli çirkin siyasətdən xəbər verir: bir vaxtlar öz yüksək əxlaq və mədəniyyəti ilə fərqlənən Lənkəranda narkomaniya və əxlaqsızlıq baş alıb gedir. Zonanı bu kimi çirkin yola salmaqda olan qüvvələr, yuxarıda göstərilən çirkin məqsədləri naminə bu cür azğın insanlardan istifadə edirlər. Hətta bu azğın insanlara "Xəzər-Lənkəran” futbol komandasının köynəklərini geyindirməklə, futbol azərkeşlərindən də öz məqsədləri naminə istifadə etməkdən çəkinmirlər.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq, istər ölkəmizin, istərsə də beynəlxalq aləmin cəmi haqsevər və demokratik qüvvələrini məmləkətimizdə baş-alıb gedən özbaşınalıqlara və cinayətkarlığa qarşı birgə mübarizəyə səsləyirik. Fürsətdən istifadə edərək, istər Talış zonasında, istərsə də ondan kənarda fəaliyyət göstərən bütün Talış ictimai-siyasi və mədəni birliklərinə də müraciət edərək, diyarımızın milli-etnik ənənəsinə utanc gətirəcək və sabah onu uçuruma aparan bu kimi yaramaz hallara qarşı etiraz səslərini ucaltmağa çağırırıq."