Главная » 2013»Январь»9 » Hilal Məmmədovun şərlənməsilə bağlı qondarılan işin məhkəməsi başlayıb
15:42
Hilal Məmmədovun şərlənməsilə bağlı qondarılan işin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, "Tolişi Sədo” qəzetinin baş redaktoru, riyaziyyatçı alim Hilal Məmmədovun barəsində avtoritar Əliyev rejimi tərəfindən qondarılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə prosesini müşahidə etmək üçün iclasda hüquq müdafiəçiləri, ictimai fəallar, Bakıda fəaliyyət göstərən qərb dövlətlərin səfirliklərinin əməkdaşları, habelə ATƏT, Avropa Şurası, Avropa Birliyinin nümayəndələri iştirak ediblər.
Hakim Azər Orucovun sədrlik etdiyi prosesdə vəkil Xalid Bağırov Hilal Məmmədovun prosesdə barmaqlıqlar arasından çıxarılıb vəkillərin yanında əyləşməsinə şərait yaradılması, məhkəmədə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi barədə vəsatətlər verib.
Vəsatətlər təmin olunmayıb. Hakim bildirib ki, vəkillər prosesdə H.Məmmədova yaxınlaşıb, onunla məsləhətləşə bilərlər. Bundan sonra vəkil X.Bağırov müdafiə etdiyi şəxsə yaxınlaşıb. Hakim isə bu vəziyyətə etiraz edib, özünün bir az əvvəl verdiyi qərardan imtina etmək istəyib. Hakimlə vəkil arasında bununla bağlı mübahisə yaranıb.
Daha sonra prosesdə iştirak edən hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə hakim A.Orucov mübahisə ediblər. Hakim hüquq müdafiəçini prosesdən kənarlaşdırılmasına cəhd göstərib, lakin V.İsgəndərli prosesdə iştirakına haqqı olduğunu hakimin nəzərinə çatdırıb.
Vəkil Ramiz Məmmədov "Media forum” saytına deyib ki, hazırlıq iclasında xeyli vəsatət qaldırıblar: "Əsas tələblərimiz həbsin başqa qətimkan tədbirinə dəyişdirilməsi, işin prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılması, bəzi sübutların siyahıdan çıxarılması, siyahıya yeni sübutların əlavə olunması və işin icraatına xitam verilməsidir. Məhkəmə heyəti vəsatətlərə sabah öz münasibətini bildirəcək”.