Главная » 2012»Февраль»10 » Əhməd Davudoglu: “Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı”
14:14
Əhməd Davudoglu: “Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı”
Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qərbi Yaxın Şərqdə demokratiyanı təhlükəsizliyə qurban verməməyə çağırıb.
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, cümə axşamı George Washington Universitetində çıxışı zamanı nazir deyib: "Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı. Dünya dəyişir. Misirdə Hüsnü Mübarək məsələn, 20 il əvvəl insanların çap makinası istifadə etdiyi dövrdə də prezident idi, indiki Facebook dövründə də. Bu, tarixə təhqirdir”.
Ə.Davudoğlu ötən il ərəb ölkələrində baş qaldırmış inqilabların "qarşısıalınmaz" olduğunu bəyan edib. O, Qərbi "ərəb baharı”na adekvat cavab verməyə və "tarixi səhvləri təkrarlamamağa” çağırıb. Bu zaman o, Rumıniyada Çavuşeskunun devrildiyi dönəmi xatırladıb. "Mübarək, Qəddafi kimi diktatorlar hələ o zaman getməli idilər”, - o vurğulayıb.
Suriyadan bəhs edərkən, nazir qeyd edib ki, hazırda əl-Əsədin opponentləri aylar əvvəl Misirdə və Tunisdə müxalifətin səsləndirdiyi şüarları təkrarlayırlar. "Mesaj aydındır. Əsəd getməlidir. Türkiyə olaraq, biz Suriyada hər gün insan ölümünə göz yuma bilmərik. Syriya xalqını dəstəkləmək üçün beynəlxalq platforma yaratmalıyıq”,- o bildirib.
Davudoğlu deyib ki, Türkiyə Əsədi Suriyanın "Qorbaçovu” görmək istəyirdi, ancaq o, "Miloşeviç" olmaq yolunu tutdu.
Nazir onu da bəyan edib ki, Türkiyə yerləşdiyi regionda azad və demokratik mühitin tərəfdarıdır və Ankara "öz xalqına qarşı çıxan istənilən liderə" arxasını çevirəcək. "Avtoritar rejimlərə artıq bu əsrdə yer yoxdur”.
Davudoğlu çıxışının sonunda avtoritar cəmiyyətləri belə təsvir edib: "Hansı ölkədə ona əvvəllər rəhbərlik etmiş eks-prezident yaşamırsa, deməli o, artıq avtoritar ölkədir”.