Главная » 2012»Февраль»5 » İlham Əliyev: «Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiz»
20:03
İlham Əliyev: «Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiz»
MİSİRƏ BƏNZƏDİLƏN AZƏRBAYCAN
«Öz siyasi strukturuna görə Mubarakin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?» Bu sual Münhen Təhlükəsizlik Konfransında səslənib. Prezident İlham Əliyevin də iştirak etdiyi «Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri» mövzusunda müzakirələrdə. Düzdür, sual birbaşa Azərbaycan prezidentinə hədəflənməyib. Amma o bu sualı cavablandırıb.
Müzkirələrdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Oettinger, Almaniya sığorta şirkəti «Allianz» SE-nin icraçı direktoru Michael Dickmann, «Greenpeace» Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidoo, Ukrayna Prezidenti Viktor Yanukoviç də iştirak ediblər.
«AZƏRBAYCAN KİMİ ÖLKƏYƏ...»
Sualı isə Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes verib. Rəsmi xəbər agentliyi «AzərTAc» sualın müəllifini yazmayıb. Sualı isə agentlik saytında yerləşdirib:
«Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dickmanna ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?»
ƏLİYEV: «MİSİRDƏ BAŞ VERƏNLƏRİ AZƏRBAYCANDA GÖRMƏYƏCƏKSİZ»
Sualı prezident İlham Əliyev də cavablandırıb. O Azərbaycanda söz azadlığının, din azadlığının olmasından danışıb. Parlamentdə 10-dan artıq partiyanın təmsil olunduğunu da deyib:
«Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm.
Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir.
Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir.
Bizim çoxpartiyalı sistemimiz var. Parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var.
Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır».
İlham Əliyev fikrini belə yekunlaşdırıb: «Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz».