İran İslam Respublikasının İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyi Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılın "Media forum” saytında dərc olunan "Açıq separatizmin məxfi tərəfləri” adlı məqaləsinə münasibət bildirib.
İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Seyyidi bununla bağlı sayta məktubla müraciət edib.
Məktubda deyilir: "Yazaraq sizə bildirmək istəyirəm ki, 24.12.2010-cu il tarixdə saat 18:06-da saytınızda Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl tərəfindən dərc olunan "Açıq separatizmin məxfi tərəfləri” adlı məqalədə İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatı barəsində böhtan xarakterli yazını oxudum və çox təəssüfləndim. Həmin yazıya əsasən İmam Xomeyni İmdad Komitəsi guya talış dilində dini və tədris xarakterli kitablar hazırlayıb və bu kitablarda Azərbaycanın cənub-şərq bölgəsinin İran dövlətinə birləşməsi ideyalarını yaymaq məqsədi güdülür.
Nəzərinizə çatdırmaq istəyirəm ki, İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatı artıq 17 ildir ki, Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərir. Fəaliyyət dövrü ərzində həyata keçirdiyi humanitar layihələri Azərbaycan Respublikası Nazirlər Kabineti ilə uyğunlaşdıraraq, həyata keçirmişdir. Təşkilatımız Azərbaycanın bir çox rayon və qəsəbələrində məskunlaşmış minlərlə qaçqın və məcburi köçkün, şəhid, əlil, yetim, tənha, kimsəsiz və digər aztəminatlı ailələri himayəsinə götürərək onlara maddi yardım, ərzaq yardımı, dava-dərman, ev təmiri, ev əşyaları, uzunmüddətli faizsiz kredit, məktəblilərə məktəb ləvazimatı və ehtiyac duyulan digər sahələrdə təmənnasız təsirli yardımlar göstərmişdir.
Bütün bu yardımları özünün müqəddəs borcu sayan İmdad Komitəsi bu gün də öz humanitar fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim humanitar fəaliyyətimizə kölgə salmaq məqsədi ilə bu cür böhtan xarakterli yazılara müxtəlif informasiya vasitələrində yer ayrılmaqla bizi ruhdan salmağa çalışırlar”.
M.Seyyidi hesab edir ki, İlham İsmayılın yazısı İran İslam Respublikasının İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatının fəaliyyətinə kölgə salmaq məqsədi güdür və bu yazıda heç bir sübut yoxdur.