Главная » 2012»Ноябрь»22 » İsa Qəmbərin müşaviri Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini müdafiə etdi
20:44
İsa Qəmbərin müşaviri Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini müdafiə etdi
Müsavat Partiyası başqanının milli məsələlər üzrə müşaviri Yadigar Sadıqov noyabrın 14-də Mehdibəy Səfərov və Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev tərəfindən təsis olunmuş Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaranmasını normal qarşıladığını bildirib.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat Partiyası indiyədək qanun çərçivəsində yaradılmış və Azərbaycanın xeyrinə fəaliyyət göstərən istənilən qurumun fəaliyyətini alqışlayıb: "Müsavat Partiyası ümumilikdə vətəndaşların ictimai-siyasi həyatda fəal iştirak etməsinin tərəfdarı olub və belə cəhdləri alqışlayıb. Birliklər, ittifaqlar yaratmaq, onların fəaliyyətində aktiv iştirak etmək insan hüquq və azadlıqlarının tərkib hissəsidir. Mən Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin məramları ilə tanış oldum. Onu deyə bilərəm ki, göstərilən hədəflər uğrunda mübarizə aparmaq öz xalqına, etnosuna biganə olmayan hər bir şəxsin nəinki hüququ, hətta borcudur".
Yadigar Sadiqov onu da bildirib ki, bu onun şəxsi mövqeyi olsa da, partiyanın da eyni mövqedə olduğuna əmindir: "Azərbaycanda bütün hüquqlarla bağlı olduğu kimi, milli hüquqlar sahəsində də problemlər, həll edilməsi vacib olan çatışmazlıqlar var. Onların aradan qaldırılması dövlətçiliyimizin yalnız möhkəmlənməsinə, çoxmillətli ölkəmizdə qardaş xalqlar arasında bağlılığın daha da sıxlaşmasına səbəb olacaq. Mən səlahiyyət etibarilə Müsavat Partiyası adından danışa bilmərəm və yalnız öz fikirlərimi söyləyirəm. Lakin partiyanın da eyni mövqedə olduğuna əminəm. Zatən, Müsavat Partiyasının Proqramında da partiyanın "etnik və dil azlıqlarının haqlarının beynəlxalq standartlar səviyyəsində təmin edilməsi tələbini müdafiə" etməsi yazılıb".
Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin keçmiş rektoru, istiqlalçı deputat Hacıbaba Əzimov ötən gün Teleqraf.com-a açıqlamasında bu birliyin Rusiyanın sifarişi ilə Əlikram Hümbətovun adamları tərəfindən yaradıldığını iddia etmişdi.