Главная » 2011»Ноябрь»15 » Ələkrəm Hümmətov Ermənistana səfəri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
17:24
Ələkrəm Hümmətov Ermənistana səfəri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
"Mən həmin elmi konfransa dəvət almamışam, dəvət olunmağıma heç əsas da olmayıb”
Hazırda mühacirətdə olan Ələkrəm Hümmətov Ermənistana səfər etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. "Qafqazinfo”ya göndərdiyi açıqlamada Ə.Hümmətov bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Ermənistanda keçirilən tədbirin, sırf elmi konfrans olduğunu bildirən Ə. Hümmətov özünün elmin hansısa sahəsində fəaliyyəti barədə heç kimdə məlumat olmadığını qeyd edib: "Tədbir barədə məlumat bir-neçə ay olar ki, yayılmışdı və iştirak etmək istəyənlərdən elmi işlərini və ya edəcəkləri məruzələrinin təqdimatını istəmişdilər. Mən, bir fərd olaraq, həmin elmi konfransa dəvət almamışam, dəvət olunmağıma heç əsas da olmayıb. Qeyd etməyi vacib sayıram ki, 12 noyabr tarixində Brüsseldə olmuşam, Avropa İttifaqı parlamentinin deputatları ilə Azərbaycan respublikasında həqiqi, demokratik seçkilərin keçirilməsinin perspektivlərini müzakirə etmişik”.
Bununla yanaşı Ə.Hümmətov Ermənistanda belə bir tədbirin keçirilməsini dəstəkləyib: "Hesab edirəm, elm, mədəniyyət, incəsənət, insanpərvərlik heç bir sərhəd, düşmənçilik qəbul etməməlidir. Qarabağ müharibəsinin mənəvi və fiziki ağrılarını yaşayan bir fərd olaraq, 2-ci bir müharibənin əleyhdarıyam. Bütün Qafqazda, regionumuzda sülhün, əmin-amanlığın, insanların sərhəd bilmədən sərbəst yerdəyişməsi azadlığının tərəfdarıyam. Cəmiyyətimizin, əsasən də mənsub olduğum Talış xalqının millətlərarası nifrətdən uzaq, insansevər xüsusiyyətlərinin inkişafına xidmət etmək istərdim. Tədbirə qatılıb, Talış xalqının varlığının, tarixinin, dilinin, mədəniyyətinin elmi əsaslarla beynəlxalq səviyyədə müzakirələrində iştirak edən talış və digər xalqların alim və ziyalılarını alqışlayır, onlara minnətdarlığımı bildirirəm”.