
Xəbər verildiyi kimi Azərbaycanın ictimai-siyasi həyatında son dövrdə yeni bir hərəkat formalaşmaqdadır. Politoloq Eldar Namazovun rəhbərlik etdiyi bu hərəkat "El” adlanır.
Hərəkat Azərbaycanın regionlarını bərabər əsaslarla ətrafında birləşdirməyi, yaxın gələcəkdə bütün Azərbaycan xalqının iradəsini ifadə edən demokratik cəmiyyət quruculuğuna nail olmağı qarşısına məqsəd qoymuşdur.
Qısa müddət ərzində "El” hərəkatı geniş kütlələri əhatə edərək, Azərbaycanın siyasi həyatında əsas söz sahiblərindən birinə çevrilmişdir. Təşkilatın gələcək inkişafı onun uzun müddət Azərbaycan ictimai-siyasi həyatında formalaşan stereotiplərdən əl çəkə biləcəyindən asılı olacaqdır.
"El” hərəkatının artıq bütün bölgələrdə, o cümlədən Talış zonasında yerli təşkilatları yaradılmışdır. "Azəri-Talış” birliyinin üzvləri "El” hərəkatının yaradılması və formalaşmasında yaxından iştirak etmiş, onun Azərbaycanda yaşayan millət və xalqların bərabər əsaslarla birləşməsinin proqram təminatı məsələlərində özünün təklif və ideyalarını bildirmişdir.
Bu günlərdə "Azəri-Talış” Birliyinin sədri və həmtəsisçisi Mehdibəy Səfərov "El” hərəkatını milli məsələlər üzrə müavini seçilmişdir.
Biz yeni təyinatında Mehdibəy Səfərova uğurlaz arzu edərək, ona qarşılıqlı olaraq həm "El” hərəkatına, həm də Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən talışların Azərbaycanın ictimai-siyasi həyatında bərabər əsaslarla iştirakına geniş töhvələr vermək istiqamətində uğurlar arzu edirik.