Главная » 2011»Август»19 » Norveç Helsinki Komitəsi İlham Əliyevi Bakıda qanunsuz söküntüyə son qoymağa çağırdı
14:07
Norveç Helsinki Komitəsi İlham Əliyevi Bakıda qanunsuz söküntüyə son qoymağa çağırdı
Norveç Helsinki Komitəsi Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsini pisləyir, Azərbaycan hakimiyyətini müqəssirləri cəzalandırmağa və zərərçəkənlərə kompensasiya verməyə çağırır. Bu barədə təşkilatın baş katibi Byorn Enqeslandın ölkə prezidenti İlham Əliyevə məktubunda deyilir.
Binanın sökülməsi ağır texnika vasitəsilə və sahiblərin xəbərdarlığı olmadan sökülüb. Yalnız Sülh və Demokratiya İnstitutunun deyil, həm də Bakıda yeganə Qadın Böhran Mərkəzinin yerləşdiyi ofislər sökülüb.
Bütün avadanlıqlar, əmlak məhv edilib, və ya oğurlanıb. Ofis sahiblərinə əşyalarını çıxarmasına imkan verilməyib.
"Ofisin sökülməsi ətrafında münaqişə çoxdan davam etsə də, onun başvermə manerası göstərir ki, bu, SDİ-nin direktoru Leyla Yunusun hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır”, - məktubda qeyd olunur.
Mayın 24-də Bakı İnzibati İqtisad Məhkəməsi məhkəmə qərarı olmadan binanın sökülməsinin yolverilməz olduğunu bildirib və bu, tərəflərin diqqətinə çatdırılıb.
Avqustun 11-də bina sökülməzdən əvvəl sahiblərə heç bir yazılı qərar və sərəncam təqdim olunmayıb.
"Leyla Yunusa və onun həyat yoldaşına məxsus ofisin dağıdılması çoxillik hüquq-müdafiə fəaliyyətinə, korrupsiyanın ifşa olunmasına və bu mövzuda xarici mətbuatda yazıların dərcinə görə cəzadır”.
"Norveç Helsinki Komitəsi binanın sökülməsini pisləyir. Biz Azərbaycan hökumətindən xahiş edirik ki, Şəmsi Bədəlbəyli, 38 ünvanında binanın sökülməsinə göstəriş verən və onu həyata keçirən şəxsləri aşkar edərək cəzalandırsın.
Biz, həmçinin hökumətdən xahiş edirik ki, binanın sökülməsi ilə əlaqədar itkiyə məruz qalan sahiblərə, eyni zamanda bu binada yerləşən digər təşkilatlara əmlak itkisi ilə bağlı kompensasiya verilsin.
"Azərbaycan hökuməti adamların mülkiyyət hüquqlarının pozulmasına dərhal son qoymalı, əhalinin zorla çıxarılmasına və evlərin dağıdılmasına yol verməməlidir. Evlərindən çıxarılmış adamlara yardım olunmalı, onlar adekvat kompensasiya almalıdır”.
Azərbaycan hakimiyyəti Hüquq Müdafiəçiləri haqqında Bəyannaməyə əsasən öz öhdəliklərini yerinə yetirməli, Leyla Yunusun və onun həmkarlarının hüquqlarını müdafiə etməlidir”, məktubda bildirilir.