Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verdi. 
Meydan boşdur. Buyursunlar, boşboğaz siyasətçilər fürsəti fotə verməyib zəbt etsinlər meydanı! Belə vacib bir  məqamda, başda Rüstəm İbrahimbəyov olmaqla ziyalılar önə düşüb ölkənin siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərmək istəyirdilər. Siyasilər, daha doğrusu siyasətbazlar razı olmadılar: "YOL NƏDİ, ÇARƏ NƏDİ?" - deyə, iki ayaqlarını bir başmağa pərçimləyib həşir qopardılar.
Ziyalı kəslər xalqın zəkasının, iradəsinin, ruhunun güc mərkəzi olmağa cəhdlər etdi, bütün varlığıyla cəmiyyəti total satqınlıq və dəllallıq virusundan xilas etməyə çalışdı. Siyasəti  oyuncağa çevirmiş həmin naşılar isə daş atıb başlarını tutdular: "OLMAZ, OLMAZ!- dedilər. - HƏR ŞEYİN ZAMANA EHTİYACI VAR! GEDİN, GEDİN ÖZ İŞİNİZLƏ MƏŞĞUL OLUN!”
Başda Rüstəm İbrahimbəyov olmaqla, neçə-neçə ziyalı bəndə bir ovuc ədəbazların  xalqın  üzərində apardığı siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığı durdurub, qarşısına sədd çəkməyə can atdılar; hamını müqavimətə və xofdan qurtularaq aktiv mübarizəyə səslədilər. Yalan və korrupsiya adlı dəhşətli mərəzin metastaz  verdiyini, millətin mütərəqqi düşüncəli kəsiminin manqurtlaşdığını deyib, fəryad qopardılar. Amma təəssüflər ki, rəhbəri avtoritetdən, demaqogiyanı vətənpərvərlikdən, süarı proqramdan, komformizmi mövqedən, azadlığı   özbaşınalıqdan, populizmi ideologiyadan seçib ayıra bilməyən və "siyasi  proses”  adlı aysberqin  görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmayan "siyasi liderlər”  az qala  xorla qışqırdılar: "SİZLİK DEYİL!.. YOX,YOX, BU SİYASƏTDİ! –dedilər - MANE OLMAYIN, QARIŞMAYIN BİZİM İŞİMİZƏ!!!”
Bu gün mən zərrə qədər də olsa şübhə etmirəm ki, ölkədə hökm sürən  vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, eləcə  də  siyasi  nihilizm və simasızlığın əsas baiskarları sırasında,  mövcud rejim sahiblərilə yanaşı, bəzi müştəbeh müxalif liderləri də vardır. 
Milli Şura. Belə çətinliklə yaratdığımız və nəyin bahasına olursa-olsun, qoruyub hifz eləməyə çalışdığımız Milli Şura adlı müqavimət institutunun, ÜMİDİMİZİN bu sayaq çıxılmaz duruma düşməsi, sözün  əsl  mənasında, -   nonsesdir. Və bunun günahı sədrlikdən, habelə fəxri  sədrlikdən  istefa  verən Rüstəm  İbrahimbəyovdan  daha çox, onu bu istefaya məcbur və sövq  edənlərdədir!..
Buyurun  bəylər, bu meydan bu da...  siz!  Hələ bir 20 il də vaxtınız  var!..
                                                                     
Eldəniz  QULİYEV       
26 dekabr  2013-cü  il