Главная » 2011»Июнь»1 » Azərbaycanın anti-demokratik ölkə olmasında sovet məmuralarının çox böyük rolu var
23:31
Azərbaycanın anti-demokratik ölkə olmasında sovet məmuralarının çox böyük rolu var
Gürcüstan prezidenti Mixail Saakaşvili yeni bir qərar verib. Saaakaşvili tərəfindən verilən qərar birmənalı olaraq qarşılanmasa da, özlüyündə müsbət hal hesab edilir. Belə ki, artıq bundan sonra Gürcüstanın rəsmi orqanlarında sovet dönəmində vəzifə sahibi olanlar işləyə bilməyəcəklər. Artıq qəraraın icrasına başlanılıb.
Məlum olduğun kimi, Azərbaycanın da rəsmi strukturlarında vəzifədə olan şəxslərin əksəriyyəti sovet dönəmindən qalan məmurlardır. Mövzu ilə əlaqədar FaktXeber.com-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, Azərbaycanın adının hər il anti-demokratik ölkələrin siyahısına salınmasına səbəb kimi məhz sovet dönəmindən qalan məmurlar olduğunu göstərdi: "Əvvəla, hesab edirəm ki, Saakaşvilinin həmin sərəncamı bugünkü zamanla baxsaq, hüquqi və siyasi baxımdan düzgün qərar deyil. Çünki hər bir məsələyə fərdi yanaşma olmalıdır. Sovet dönəmində rəsmi orqanlarda işləyən adamlar Sovet İttifaqının son iki-üç ilini milli azadlıq hərəkatının güclənməsi üçün çalışıblar. Həmin ərəfədə rəsmi şəkildə başqa yerdə fəaliyyət göstərmək mümkün deyildi. Ona görə də, məsələyə fərdi yanaşma olmalıdır. Vaxtı ilə belə bir qərar Şərqi Almaniya ilə bağlı verilmişdi. Almaniyada verilən bu qərar 10 il müddətində qüvvədə qaldı.
İkinci bir məqam isə Azərbaycanla bağlıdır. Azərbaycanda biz bunun digər aşırı vəziyyətinin şahidi oluruq. Azərbaycanın siyasi hakim elitasının hamsı sovet şinelindən çıxmış adamlardır. Hətta o şineli qoruyan, saxlayan və onu sovet dönəmində öpüb gözünün üstünə qoyduğu adamlardır ki, onlar bu gün Azərbaycan dövlətinə rəhbərlik edirlər. Bu insanların rəhbərlik etməsi özünün neqativ hallarını göstərir.
Əgər Azərbaycanda hakimiyyətin apardığı təbliğata baxsaq, sovet dönəmindən yalnız bir şeylə fərqlənir ki, o da peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Lakin mahiyyət etibarı ilə eyni şeydir. Əgər hakimiyyətin öz opponentlərinə qarşı tətbiq etdiyi siyasi mübarizə üsullarına nəzər etsək, eyni ilə sovet rejimində istifadə edilən üsulların olduğunu görərik.
Nəhayət, Azərbaycanda bu mövcud idarəetmə üsulunun faktiki olaraq iflic vəziyyətdə olmasının səbəbi də, sovet dönəmindən gələn təfəkkürün uzun ömürlü olmasıdır. Sovet rejimində idarəetmə üsulunu hal-hazırda tətbiq etmək mümkün deyil. Hakimiyyət yeni idarəetmə üsulundan istifadə etmək istəmir və buna görə də, hazırda ölkənin idarə edilməsində iflic vəziyyət yaranıb. Bu səbəblərdən də hazırki hakimiyyətin həm daxili, həm də xarici siyasəti iflic vəziyyətdədir. Son olaraq bunu deyərdim ki, Azərbaycanın anti-demokratik olmasında sovet məmuralarının çox böyük rolu var. Məhz onlardır Azərbaycanda anti-demokratik üsulların dayaqları, media azadlıqların qarşı çıxan və konstitusion hüquqları pozanlar.”