Главная » 2012»Июнь»27 » RATİ-nin “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsilə bağlı bəyanatı
23:37
RATİ-nin “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsilə bağlı bəyanatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) talışdilli "Tolışı sədo” qəzetinin baş redaktoru və hüquq müdafiəçisi Hilal Məmmədovun həbsindən narahatdır. RATİ hesab edir ki, Hilal Məmmədov təxminən bir ildir ki dərc olunmasında fasilə yaranan "Tolışi sədo” qəzetinin yenidən çapını bərpa etməyə hazırlaşması və ictimai fəallığı ilə bağlı şərlənərək həbs edilib.
RATİ bildirir ki, Hilal Məmmədov iyunun 21-də Bakıdakı Neftçilər xəstəxanasının yaxınlığından mülki geyimli şəxslər tərəfindən saxlanılıb və Nizami rayon Polis İdarəsinə aparılıb. Polis İdarəsində isə H.Məmmədovun cibindən güya 5,83 qram heroin aşkarlanıb. Daha sonra H.Məmmədovun evində axtarış aparan polis burdan da güya 28,294 qram heroin tapdığını açıqlayıb.
Belə ki, iyunun 22-də isə Nizami rayon Məhkəməsi H.Məmmədov haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. H.Məmmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) cinayət işi başlanıb və onu bu ittihamla əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
RATİ qeyd edir ki, H.Məmmədovun üzərində və evində axtarış vəkilin iştirakı olmadan aparılıb. İyunun 21-də axşam saatlarında o vəkillə təmin olunsa da, vəkili Anar Qasımova H.Məmmədovla görüş verilməyib. Amma həmin gecə ondan fiziki təzyiqlə ifadə alınıb. Vəkili Anar Qasımov H.Məmmədovun ayaqlarında göyərtilərin olduğunu təsdiqləyib.
RATİ bildirir ki, əvvəllər də "Tolışi sədo” qəzetinə basqılar olub. Qəzetin əvvəlki baş redaktoru Novruzəli Məmmədov 2007-ci ilin fevralında vətənə xəyanətdə ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu ilin avqustun 17-də o Penitensiar Xidmətin Müalicə Mərkəzində vəfat etmişdir. Təsisçisi Talış Mədəniyyət Mərkəzi və mərhum Novruzəli Məmmədov, baş redaktoru Hilal Məmmədov olan "Tolışi sədo” qəzeti dərc olunmağını 19 may 2011-ci il tarixində dayandırıb. Amma Hilal Məmmədov iyunun 9-da yenidən "Tolışi sədo” qəzetinin baş redaktoru təyin edilib və onun qarşısında qəzetin iyun aynın sonlarından nəşrini bərpa etməsi ilə bağlı vəzifə qoyulub.
RATİ bildirir ki, hazırda Azərbaycanda saxta ittihamlarla "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və bu qəzetin bölgə müxbiri Aydın Caniyev, "islamazeri.az” saytinin baş redaktoru Ramin Bayramlı, "Xəyal” TV-nin əməkdaşları Vüqar Qonaqov və Zaur Quliyev, "Səhər” kanalının müxbiri Anar Bayramlı həbsdədir. Habelə RATİ əməkdaşı Mehman Hüseynov haqqında da qurama cinayət işi açılıb. RATİ Azərbaycan hökumətini Hilal Məmmədov da daxil olmaqla yuxarıda adı çəkilən həbsdə olan jurnalistlərin dərhal azad etməyə, qurama ittihamla jurnalistlər haqqında başlanmış cinayət işlərinə xitam verməyə və ifadə azadlığına dözümlə yanaşmağa çağırır.