Главная » 2011»Сентябрь»30 » Rufulla Axundzadənin ailəsi beynəlxalq təşkilatlardan siyasi sığnacaq istədi
19:56
Rufulla Axundzadənin ailəsi beynəlxalq təşkilatlardan siyasi sığnacaq istədi
Hazırda həbsdə olan və məhkəmə prosesi keçirilən AİP-in Astara rayon təşkilatının sədri Hacı Rufulla Axundzadənin ailəsi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və səfirliklərə aşağıdakı məzmunda müraciət ünvanlayıb
Bismillahir-rəhmanir-rəhim.
Yazıb sizə bildirmək istəyirəm ki atam Rufulla Axundzadə 21-01-2011-ci il tarixdə DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı irəli sürülən ittihamda dövlət çevrilişi, hakimiyyətin zorla ələ alınması, əvvəlcədən mütəşəkkil cinayətkar dəstə yaratmaq, terror, milli-irqi ayrı seçkilik salmaq və s. bu kimi maddələr yer alıb. Atam Rufulla Axundzadəyə Azərbaycan Respublikası CM-nin 28 214.2.1 28 214.2.3 228.3 278 və 283.1-ci maddələri ilə yekun ittiham elan olunmuşdur.
Atama qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Sadəcə onun siyasi çıxışları daha doğrusu Astarada məmur özbaşınalığına qarşı çıxması, Astara Gömrük-keçid məntəqəsindəki özbaşınalıq və inhisarçılığın himayə edilmə rüşvətxorluq, korrupsiyaya milli-əxlaqi mənəvi dəyərlərin hakimiyyət tərəfindən unutdurulmasına yönəlik addımlara qarşı etirazını bildirməsi nəticəsində ona saxta-qondarma əsaslarla belə cinayət işinin başlanmasına səbəb olmuşdur.
Bizə aid olmayan qonşumuza məxsus yarımtikilidə silah-sursat aşkarlanmışdır. (böyük ehtimalla bu silah-sursat hüquq-mühafizə orqanları tərəfindən atamı şərləmək üçün oraya qoyulub). Bizim ayaq və əl izlərinin həmin silah tapılan yerdən və silahlardan götürülməsi üçün ekspert tələb etməyimizə heç bir reaksiya verilməmiş və buna riayət edilməmişdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, atam R. Axundzadə 1988-ci ildə Sovet imperiyasına qarşı çıxan şəxslərdən bir olmuş və Azərbaycanın müstəqilliyini tələb etmişdir. Bu məqsədlə 1988-ci ildə Azərbaycanda başlamış Milli Azadlıq hərəkatında fəal iştirak etmiş Astarada hərəkatın liderlərindən biri olmuşdur. Ona qarşı sovet imperiyası müxtəlif təzyiq və repressiyalara əl atsa da onu yolundan çəkindirə bilməmişdir. 1993-cü ildən rəsmi qeydiyyata alınmış Azərbaycan İslam Partiyasına üzv olmuş 1994-cü ildə Partiyanın Astara Rayon Təşkilatının sədri seçilmişdir. 1995-ci ildə Azərbaycanda bütün siyasi partiyaların qeydiyyatı ləğv olunmuş təkrar qeydiyyat prosesinə başlanılmışdır. Bir çox partiyalar yenidən qeydiyyata alınsa da AİP təkrar qeydiyyata alınmayıb. İndiyə kimidə qeydiyyatı olmadan fəaliyyətini göstərməkdə davam edir. Dəfələrlə Ədliyyə Nazirliyinə Partiyanın müraciət etməsinə baxmayaraq qeydiyyat məsələsi qəsdən uzadılır. Atam Partiyanın Rayon Təşkilatının sədri kimi ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmamış və öz etiraz səsini dövrü mətbuatda və o cümlədən Azərbaycanda bütün telekanalların hakimiyyətə müxalif fikirli insanların üzünə bağlı olduğu üçün atam bir neçə dəfə ölkədə məmur özbaşınalığı korrupsiya ölkədə yaşayan etnik millətlərin hüquqlarının pozulduğunu İran İslam Respublikasının Səhər kanalına açıqlamasında bildirmişdir. Lakin ölkədə hər hansı bir gərginliyə səbəb ola biləcək çağırışlar və fikirlər işlətməyib. Atama qarşı irəli sürülən ittihamda guya sözü gedən telekanalda ayrı-seçkiliyə xidmət edən və ölkədə dövlət quruluşunun dəyişməsinə açıq çağırışlar etdiyi göstərilib Atam müxtəlif vaxtlarda siyasi hakimiyyət tərəfindən şərlənərək həbs olunub. 2000-ci ildə atam 48 gün şərlənərək həbsdə qaldı və Avropa Məhkəməsində siyasi məhbus kimi tanındı. O vaxt Azərbaycan məhkəməsi atamın günahsızlığını sübuta yetirdi və hakimiyyət cərimələndi.
Atamla bərabər İslam Partiyasının rəhbərliyinə daxil olan və nüfuzlu Din xadimlərindən ibarət olan bir neçə şəxs də şərlənərək həbs olunub. Onlara qarşıda oxşar ittihamlar irəli sürülüb.
Atama qarşı başlanmış ibtidai istintaq qərəzli siyasi sifarişlə aparılıb və məhkəməyə təqdim olunub. Belə ki həm istintaq həm də məhkəmə başlanmış cinayət işinin saxta olduğunu sübut etməyə yetərli olan faktları görməməzliyə vurub hüquq-mühafizə orqanları tərəfindən müxtəlif vasitələrlə ələ alınmış yalançı şahidlərlə irəli sürülən ittihamın doğru olduğunu sübut etməyə çalışırlar. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, silah-sursatın tapıldığı yarımtikilinin bizə məxsus olduğu güman edildiyindən silah-sursat oraya qoyulub. İttihamda göstərilir ki 4 ədəd AKM markalı avtomat 3 ədəd həmin avtomat üçün nəzərdə tutulmuş sandıqça 1 ədəd naqan tipli tapança 9 ədəd F-1 əl qumbarası 1 ədəd RQD tipli qumbara 500-ə yaxın patron sözügedən yarımtikilidə tapılıb. Tapılan qumbaraların ailə üzvlərimizin hüquq-mühafizə orqanlarının və yalançı hal şahidlərinin gözü qarşısında guya zərərsizləşdirildi. Sursat zərərsizləşdirilən yerlə bizim yaşadığımız ev arasında 15 metr yaxın məsafə vardı. Partladılan qumbaralar evə heç bir ziyan vurmadı. Bu isə zərərsizləşdirilən döyüş sursatının təlim üçün nəzərdə tutulduğunun göstəricisi idi. Hərbi xidmət keçdiyim üçün dəqiq bilirəm ki həqiqi döyüş sursatı olan qumbaralar zərərsizləşdirilərkən 200 metr radiusunda ərazi təhlükəli hesab olunur və ən azından partladılan qumbara 50-60 metr radiusunda yerləşən tikililəri avtomobilləri yararsız hala salır. Həyətimizdə təlim üçün nəzərdə tutulan qumbaraların partladılması sadəcə olaraq ətrafda yaşayan insanları oraya cəlb etmək və atam R.Axundzadənin guya belə çirkin işlərlə məşğul olduğunu göstərmək idi. Bununla da atamın camaat arasında olan nüfuzunu zədələmək istəyirdilər.
Hazırda atam 9 aydır ki heç bir cinayət işlətmədiyi halda həbsdə yatır və Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə atamın və həbs olunan AİP-nın nüfuzlu din xadimlərinin məhkəmə istintaqı aparılır və məhkəməyə Eldar İsmayılov sədrlik edir. İndiyə qədər 20-yə yaxın məhkəmə iclası keçirilib. Hakimlərin işə qərəzli yanaşdığı siyasi sifarişi yerinə yetirdiyi dərhal sezilir. Məhkəmə prosesində iştirak edən Dövlət ittihamçısı Baş Prokuror Zakir Qaralovun 1-ci müavini Vüqar Qalibov özünü məhkəmənin hakimi kimi aparır və onun hərəkətlərinə Hakimin hər hansı bir iradı olmur. Məhkəmədə atam və qeyrilərinin huquq müdafiəçilərinin qaldırdığı heç bir vəsatət təmin olunmur. Maraqlıdır ki başlanmış cinayət işi ilə bağlı olan sualların hüquq müdafiəçiləri tərəfindən şahidlərə verilməsi hakim tərəfindən əsassız olaraq protokola salınmasına icazə verilmir. Həmçinin yalançı şahidlərin ifadələrində məhkəmədə səsləndirdiyi ifadələrlə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər meydana çıxır və şahidlərin məhkəmədə səsləndirdiyi yəni təqsirləndirilən şəxslərin xeyrinə olan cümlələr protokola salınmır. Buna görə də vəkillər tərəfindən məhkəmə prosesini video və ya audio yazıya alınması ilə bağlı tələbi yerinə yetirilmədi. Məhkəmə prosesində ifadə verən yalançı şahidlərin dedikləri üst-üstə düşməyəndə Dövlət İttihamçısı V. Qalibov şahidlərə əl göz işarələri və sözlə istiqamət verir və vəkillərin suallarına necə cavab verməyi onlara başa salır. Buna görə də atam R. Axundzadə Dövlət İttihamçısının hərəkətlərindən hakimə dəfələrlə şikayət etsə də Məhkəməyə sədrlik edən E. İsmayılov buna məhəl qoymayıb. Atam etirazların bildirəndə dəfələrlə səhhəti pisləşib və Dövlət İttihamçısı tərəfindən müxtəlif psixoloji təzyiqlərə məruz qalmışdır. Bu səbəbdən də atam məhkəmə prosesində Hakimə Dövlət İttihamçısına onların hərəkətlərini onun və ailə üzvlərimizin Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməsinə məcbur etdiyini bildirmiş və mənə bu barədə BMT-na Xarici ölkələrin Azərbaycanda yerləşən səfirliklərinə müraciət etməyi tapşırmışdır. Azərbaycan Respublikasının məhkəmə sisteminin korrupsiyaya qurşandığı və sifarişlə işlədiyini nəzərə alaraq və atam həbs olunandan sonra ailəmizə qarşı başlanmış təzyiqlərdən cana doyaraq vətəndaşlıqdan imtina etmək qərarına gəlmişik və xarici ölkələrin birindən siyasi sığınacaq istəyirik.
Sizlərdən xahiş edirik ki yazdıqlarımın doğru olduğunu sübuta yetirmək üçün və həmçinin atam R. Axundzadənin hüquqlarının məhkəmədə necə tapdandıqını görmək üçün məhkəmə prosesində iştirak edəsiniz və keçirilən məhkəmə prosesini diqqətdə saxlayasınız. Əks təqdirdə bütün ümidlərimizin üzüldüyü Azərbaycan məhkəməsi ədalətsiz qərar çıxarmaqla atamı ömürlük həbs edəcəkdir. Bütün ailə üzvlərimiz adından sizlərdən təkidlə xahiş edirik ki ailəmizin və atam R. Axundzadənin hüquqlarının qorunmasını Azərbaycan Hakimiyyətindən tələb edəsiniz. Bu alınmadıqda isə ailə üzvlərimizə xarici ölkələrin birində siyasi sığınacaq verilməsini təmin edəsiniz.
Qeyd edək ki, mətn ingilis dilinə tərcümə edilib və BMT-nin Bakı üzrə Baş ofisinin rəhbəri Cənab Fikrət Akcuraya, ATƏT-in Bakı ofisinə, Avropa Birliyi o cümlədən Almaniya, Fransa, ABŞ, İngiltərə, Norveç, Danimarka, Türkiyə, İtalyanın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirlərinə göndərilib.