Bir neçə gün əvvəl yaradılmış Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov "Media forum” saytına açıqlama verib. Mehdibəy Səfərov bildirib ki, uzun illər kino sahəsində çalışıb, son illər isə bizneslə məşğul olub, ictimai sahədə fəaliyyət göstərib.
Sədr yeni təşkilatın məqsədlərini belə açıqlayıb: "Bu təşkilatı yaratmaqda əsas məqsədimiz Azərbaycan dövlətinə, onun mənafeyinə zərbə vura biləcək istənilən separatçılığa qarşı çıxmaq, talışların daxilində bir mobillik yaratmaq, onların dövlətə məhəbbətini gücləndirmək, talışların milli irsini təbliğ etməkdir. Eyni zamanda bəzi xarici dairələrin bizim adımızdan çıxış etməsinin, işlərimizə müdaxilə etməsinin qarşısını almaq istəyirik. Bundan başqa, bizim dilimiz, ədəbiyyatımızla bağlı problemlər var, onları aradan qaldırmağı, inkişaf etdirməyi planlaşdırırıq”.
Mehdibəy Səfərovun sözlərinə görə, təşkilatın təşəbbüs qrupunda 14 nəfər təmsil olunur və onların arasında din xadimləri, ziyalılar, alimlər var: "Təsisçilər isə bir mənəm, bir də Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev. Təşəbbüs qrupunun ilk iclasında məramnaməni təsdiq etdik”.
"Azərbaycanın hər yerində sosial-iqtisadi problemlər var. Azərbaycan vətəndaşı olan talışların problemlərini digər bölgələrdəki problemlərdən ayırıb bunu etnik amillə izah etmək nə dərəcədə doğrudur” sualına Mehdibəy Səfərov belə cavab verib: "Problemlər var. Son zamanlar isə bəzi məmurlar, mətbu orqanlar talışların məsələsindən siyasi konyunktur üçün istifadə edirlər, qızışdırıcı rol oynayırlar. Eyni zamanda yaxın qonşularımız olan dövlətlər bizim işlərimizə qarışır, adımızdan çıxış edirlər. Bunu edənlər bundan sonra bizi öz qarşılarında görəcəklər. Bizim məqsədimiz Azərbaycan dövlətçiliyinə xidmət etmək və bu dövlətin tərkib hissəsi olan talışların mədəniyyətini, dilini, adət-ənənələrini, toponimlərini, xalqın irsini qoruyub saxlamaq və yeni nəsillərə ötürməkdir. Biz Azərbaycanda bərabərhüquqlu insan cəmiyyəti formalaşdırmaq məsələsində dövlətə kömək etmək istəyirik”.
Problemləri başqa formada deyil, etnik amili ön plana çıxarmaqla həll etməyə cəhd göstərməyin doğru olub-olmamasına gəlincə, Mehdibəy Səfərov hesab edir ki, vəziyyətdən çıxmaq üçün ən münasib yolu tutublar: "Çünki etnik amili, bununla bağlı problemləri ört-basdır etmək, gizlətmək mümkün deyil. Problemləri gizlətsək belə, balıq kimi sürüşüb o biri tərəfdən çıxacaq, bir gün isə partlayacaq. Ona görə də etnik amilin qabardılmasının doğru olmadığını düşünənlər səhv yoldadırlar. Əksinə, problemlərin içinə daxil olmaq, onları dərindən bilmək və kökündən həll etmək lazımdır. Problemlərin üzərinə ağır daş yıxmaq çıxış yolu deyil, bu, bir gün partlayacaq. Bu məsələlərdən xəbəri olan bir ziyalı, dövlətini sevən şəxs kimi belə bir təşkilatı yaratmaq qərarına gəldim. Eldəniz Quliyevlə məsləhətləşəndən sonra birliyi təsis etdik.
Artıq təşkilatın Bakı, Masallı, Lənkəran, Sumqayıtda yerli strukturları təsis olunub. Başqa rayonlarda da yerli şöbələrimizi yaradacağıq. Bundan başqa Azərbaycan və talış dillərində nəşr olunacaq qəzet çap etməyi planlaşdırırıq. Qəzet "Tolerant” adlanacaq”.
Rusiyanın Azərbaycanda etnik münaqişələr yaratmaq istiqamətində addımlar atmasına dair son günlər mətbuatda xeyli məlumat dərc olunub. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin belə informasiyalar yayıldığı bir dövrdə yaradılması təsadüfdürmü? Bu suala cavab olaraq Mehdibəy Səfərov bildirib ki, hansısa xarici dairələrlə heç bir əlaqələri yoxdur: "Əvvəla, mən və Eldəniz Quliyev iki aydan çoxdur yerlərdə görüşlər keçiririk, bu birliyi təsis etmək məsələsi üzərində işləyirik. İkincisi, biz elə xaricdən talışların adından çıxış edənlərlə mübarizə aparmaq, işlərimizə müdaxilənin qarşısını almaq, talış xalqının Azərbaycanın düşməni olan Ermənistanla əlaqələndirilməsinin heç bir əsasının olmadığını sübut etmək üçün birlik yaratmışıq. Biz Azərbaycançıyıq, dövlətimizi sevirik. Heç bir talış Azərbaycana xəyanət edə bilməz. Əksinə, dövlətimizi hamıdan çox sevirik. Bu torpaq uğrunda canımızı da əsirgəmərik”.
Mehdibəy Səfərov deyib ki, mühacirətdə olan separatçı Ələkrəm Hümbətovla heç bir əlaqələri yoxdur və xaricdə oturub talışların adından danışan adamlarla hər hansı əməkdaşlıq etməyəcəklər: "Ələkrəmin bizim işimizə heç bir aidiyyəti ola bilməz. Biz onun ideologiyasını qəbul etmirik”.
mediaforum.az
|