Голос Талыша |
---|
Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.
|
|
Главная » 2012 » Январь » 4 » “Şpigel” rejimin diktator imicini dəyişmək üçün xərclədiyi pullardan yazdı
14:28 “Şpigel” rejimin diktator imicini dəyişmək üçün xərclədiyi pullardan yazdı |
Əliyevlər yeni ilin ilk zərbəsini Almaniyadan aldı
Azərbaycanın Almaniyada belə fəaliyyətləri artıq ədəbsizliyin lap son həddindədir
Almaniyanın ən nüfuzlu nəşrlərindən biri, "Spiegel” ("Şpigel”) Azərbaycandakı siyasi rejimi və ona lobbi xidməti göstərənləri tənqid edən məqalə dərc edib. Məqalədə Əliyevlər rejiminin avtoritar imicini Qərbdə yaxşılaşdırmaq üçün çoxlu pullar xərclədiyi və lobbiçilərin bu korrupsiya pulları müqabilində bəzi Qərb siyasətçilərini bu işə necə cəlb etdiyi konkret Almaniya nümunəsində ifşa olunur. Məqalənin tərcüməsini təqdim edirik.
Lobbiçilik: diktatorun arzusu
Azərbaycandakı avtoritar rejim bu il keçiriləcək "Eurovision” Mahnı Müsabiqəsinə qədər öz imicini yaxşılaşdırmaq arzusundadır. Alman siyasətçiləri isə bu işdə ona köməklik etməlidirlər.
Almaniya prezidentinin həyat yoldaşının avtoritar Qafqaz rejiminin tədbirində nə işi ola bilər? Bettina Vulf sərgini bir-bir gəzir, giriş sözü deyir. Tədbirdən çəkilən şəkillərdə onun Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva ilə bir yerdə gülümsədiyini görmək olar.
Əliyeva bu payızda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyi münasibətilə Berlindəki Alman Tarix muzeyinə dəvət olunmuşdu. Azərbaycan insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etməyən ölkələrdəndir. "Mən həmin tədbirə getməzdim” - deyə Almaniya hökumətinin insan hüquqları üzrə müvəkkili Markus Löninq deyir. Almaniya Prezident İdarəsindən isə bildirirlər ki, tədbir mədəni xarakterli olub, buna görə də xanım Vulf ora getməyə razılıq verib. Doğrudan da tədbir xalçalar sərgisi olub. Ancaq məsələ xalçalarda deyildi axı. Bakıdakı rejim Qərbdə öz imicini yaxşılaşdırmaq istəyir. Bunun üçün də çoxlu pullar yatırır.
Öz imicini yaxşılaşdırmağa Bakının həqiqətən də ehtiyacı var. "Amnesty İnternational” ölkədə daim tənqidi fikrin boğulduğu barədə xəbərdarlıq edir. "Sərhədsiz Reportyorlar” təşkilatının mətbuat azadlığı üzrə siyahısında Azərbaycan 178 ölkə içərisində 152-ci yeri tutur. Almaniya Xarici İşlər Nazirliyinin daxili istifadə üçün nəzərdə tutulmuş məlumatında Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin problemli olduğu vurğulanır.
"İmic düzəltmə” kampaniyası Almaniyadakı və digər Avropa ölkələrindəki "piar” peşəkarları ilə birgə aparılır. Bakıdakı hakimiyyət, eləcə də nüfuzlu oliqarxlar bu işdə maliyyəçi xidmətlərini əsirgəmirlər. Azərbaycandakı rejimin taktikası pula və alman siyasətçilərinin anlayışsız davranışına söykənir. "Azərbaycanın Almaniyada belə fəaliyyətləri artıq ədəbsizliyin lap son həddindədir” - Almaniya Azad Demokratik Partiyasının deputatı Marina Şuster belə deyir. Onun fikrincə, "Bu cür lobbiçilik işinə yol verilə bilməz”.
Hans Erix Bilges öz bürosunda oturub, ayağını ayağının üstünə aşırıb və qalstukunu bir azca boşaldıb. Bilges yaxşı baba kimi mehriban və xoşagəlməz adam kimi sərt ola bilər. Mehriban o zaman olur ki, prezident İlham Əliyev haqqında danışır. Onun tənqidçilərindən söhbət düşəndə isə çox kəskin və amansız olur.
Bilges Azərbaycanın Almaniyada reklam edilməsi işində rol oynayan əsas fiqurlardan biridir. O əvvəllər "Bild” qəzeti redaksiyasının üzvü idi. İndi "Consultum Communications” agentliyinə rəhbərlik edir. Bilges indiyə kimi mətbuat azadlığı üzrə Bakını arxada qoyan Belarus və Qazaxıstana da məsləhət yardımı göstərib. Dediyinə görə, onun işi Azərbaycanın Qərbə doğru transformasiya prosesinə kömək etməkdən ibarətdir. Buna məsələn, Berlində keçirilən tədbirlər kimi işlər daxildir ki, onun da köməyi sadəcə prosedura, belə demək olarsa, işin necə aparılmasını təmin etməkdən ibarətdir.
Əslində isə onun işi bundan da artıqdır. Berlindəki qala tədbirdə keçmiş xarici işlər naziri Hans Ditrix Genşer, keçmiş iqtisadiyyat naziri Mixael Qlos da iştirak etmişdilər ki, bu da belə tədbirlər üçün heç də gündəlik rastlanacaq hal deyil. Ancaq məsələnin gizlin tərəflərini öyrəndikcə bunun nədən belə olduğu aydınlaşır. Genşer "Consultum Communications”ın Məsləhətçilər Şurasında fəxri sədrdir, Qlos isə həmin şuranın üzvü. Bilges də məhz müştərilərinin təşkil etdiyi tədbirlərə gələ biləcək belə siyasətçilərlə əməkdaşlıq edir. Əlbəttə, burada qanunsuz heç nə yoxdur, ancaq yenə də xoşagəlməz təsir bağışlayır. Niyə bu qədər məşhur siyasətçilər elə də ciddi ehtiyac olmadan avtoritar rejimin nüfuzunun artmasına bu qədər yardım göstərsinlər?
Bilgesin fəaliyyəti Azərbaycanın lobbiçilik işinin yalnız bir hissəsini təşkil edir. Ölkə həmçinin, "Yaşıllar” partiyasının deputatı Viola fon Kramon-Taubadelin sözləri ilə desək, Bakıdakı psevdo-elmi konfranslara da dəvətlər paylayır. Kramon bir dəfə belə tədbirlərdə olub, indi isə rejimi tənqid edən bir kəs kimi belə dəvətlər almır.
Qlos, Xristian Demokratlar Partiyasının deputatı Karl Qeorq Velman və Linke fraksiyasının üzvü Stefan Libix isə sentyabrda Bakıya müstəqillik günü bayramına getmişdilər. Belə dəvətlərə biznes klas uçuşlar, bahalı otellərdə qalma, bahalı şam yeməkləri və prezident İlham Əliyevin nitqini dinləmək daxildir. Libix və Qlos özləri etiraf etdilər ki, bu səyahətin pulunu Azərbaycan tərəfi verib.
"Wikileaks”in açıqladığı Bakıdakı ABŞ səfirliyinə aid məxfi sənədlərdə Əliyev rejiminin mafioz tendensiyalarından söhbət açılır. Tarixçi Simon Sebag Montefior yazır: "Əliyev artıq hər bir diktatorun arzusu olacaq məqsədə çatıb - uğurlu bir sülalə hakimiyyəti qurub. Adamın gərək incə heysiyyatı olsun ki, bu şəxsin adamları vasitəsilə səyahətlərin və bahalı otellərin haqqının ödənilməsinə yox desin”.
Avropa Şurasının Parlament Asambleyasında da Azərbaycan özünə dostlar tapa bilib. Belələrinə məsələn, keçmiş Xristian Demokratlar Partiyasından olan deputat Eduard Lintneri aid etmək olar. Lintner 2002-ci ildən 2005-ci ilə kimi Avropa Şurası Parlament Assambleyasının hüquq komitəsinin və oradakı monitorinq komissiyasının sədri olub. O vaxtlar o, həm də Azərbaycandakı insan hüquqları vəziyyəti ilə bağlı hesabatlara da cavabdeh idi.
Bakı əlbəttə Lintnerin öz işini yerinə yetirməsindən xeyli razı qalmışdı. Heç mandatı bitməmiş o yeni vəzifəyə "Alman-Azərbaycan əlaqələrinin inkişafı cəmiyyətinin” icraçı direktoru vəzifəsinə keçirildi. Bunun arxasında Azərbaycanın maliyyələşdirdiyi lobbi qrupunun dayandığı şübhəsizdir. İnsan hüquqları vəzifəsindən lobbiçi xidmətinə keçidini Lintner belə izah edir ki, Avropa Şurasında Azərbaycandakı insan hüquqları pozuntularını sərt mühakimə edən qrup var idi. O, özü isə Azərbaycana daha çox yardım etmək istəyirmiş. Görünür, belə xidmət əvəzsiz qalmayıb.
Amma heç də hamını bu cür tez təsir altına düşənlər sırasına aid etmək olmaz. Almaniya Sosial Demokratlar Partiyasından olan deputat Kristof Ştrasser Avropa Şurası üçün Azərbaycandakı siyasi məhbusların durumu haqqında hesabat hazırlayacaqdı. Azərbaycan rejimi aylarla ona viza verilməsindən imtina etmişdi. Bunun üçün də noyabrın əvvəlində Bundestaqın insan haqları komitəsi Azərbaycan hakimiyyətindən Ştrasserə həbsxanalara baş çəkmək üçün icazə verilməsini tələb etmək qərarına gəlmişdi. Maraqlısı odur ki, həmin qərar layihəsi hələ heç qəbul olunmamış Azərbaycan səfirliyinə çatmışdı. Parlamentdən kimsə bu sənədi gizlincə Azərbaycan səfirliyinə ötürmüşdü - çox güman ki, ya pul, ya da bu ölkəyə xüsusi sevgisi müqabilində. Bundan sonra belə bir qərarın qəbul edilməsinə mane olmaq üçün Azərbaycanın Berlindəki səfiri tez bütün fraksiya rəhbərlərinə məktubla müraciət etmiş, lakin bu da kömək etməmişdi. Bilges isə məktubun tərtibatına yardım göstərmişdi.
Bilges belə qərarın qəbul edilməsinə hiddətlənir, amma özünü ruhdan da salmır. İndi onun stolunun üstündə parlamentdə "Yaşıllar” fraksiyasının rəhbəri Yürgen Trittinin Azərbaycan səfirinə ünvanladığı cavab məktubu durur. "Trittin indi cavabını alacaq” – deyir Bilges. Bəli, belədir, avtoritar bir dövlətin imicini düzəltmək istəyən biri kobudluq etməyi də özünə rəva görə bilər…
Tərcümə Azadlıq Qəzetinindir
|
Категория: Dünyada |
Просмотров: 1764 |
Добавил: admin
| Рейтинг: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|