Главная » 2013»Март»24 » Şuşadan talış dilində yayımlanan radio ilə bağlı İİR-nin prezidentinə müraciət olundu
20:01
Şuşadan talış dilində yayımlanan radio ilə bağlı İİR-nin prezidentinə müraciət olundu
Məlumdur ki, bir neçə gün bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisindən, Şuşa şəhərindən talış dilində radio yayımlanmağa başlanmışdır. Sözü gedən radioda aparıcıların İran İslam Respublikasından dəvət edildiyi güman edilir. Bununla əlaqədar olaraq bir qrup talış ictimai fəalları tərəfindən İran İslam Respublikasının Prezidenti cənab Doktor Mahmud Əhmədinejata müraciət ünvanlanıb.
Bir surəti redaksiyamıza göndərilən müraciətdə deyilir:
"Tarixi gerçəklik üzündən xalqımızın qismətinə müstəqil dövlətlər olan İran İslam Respublikasında və Azərbaycan Respublikasında yaşamaq düşüb. Hər iki ölkədə yaşayan biz talışlar vətəndaşı olduğumuz ölkənin ərazi bütövlüyü və istiqlaliyyətinə həmişə töhvələr vermişik. Biz bir irandilli xalq olaraq İran İslam Respublikası və Azərbaycan Respublikası sərhədində kompakt olaraq yaşayırıq. Xalqımızın adı həmişə hər iki dövlətin dostluq və əməkdaşlıq simvolu olub. Biz bir müsəlman xalqın nümayəndəsi olaraq hər iki dövlətdə islam və sülh düşmənləri tərəfindən qabardılan milli və dini ayrıseçikliyin mənfi nəticələrini yaxşı dərk edirik.
İran İslam Respublikası elan ediləndən və Azərbaycan Respublikası öz istiqlaliyyətini bərpa etdikdən sonra da hər iki dövlət və bu dövlətlərdə yaşayan xalqlar bu cür təhdidlərlə dəfələrlə üz-üzə qalıb. Müstəqilliyin ilk illərindən dövlətimiz Qarabağ adlı tarixi bir bölgəsinə siyasi nəzərətini itirdi. Məhz Qarabağ uğrunda döyüşlərdə minlərlə müsəlmanlar, o cümlədən talışlar şəhid olmuşlar. Hətta indi də cəbhə bölgəsindən evlərimizə şəhid tabutu gəlməkdədir.
Azərbaycan Respublikasının ərazisi olan Qarabağ vilayəti indi erməni separatçılarının nəzarəti altındadır. Həmin bölgənin Şuşa şəhərində "Talışıstanın səsi” adlı talış dilində radio efirə yayımlanır. Radionun yaradılmasında erməni separatçılarının məqsədi aydındır. Qarabağda separatçı ermənilərin elan etdiyi qanunsuz rejimi Ermənsitan Respublikası himayə etsə də, faktiki heç bir dövlət, o cümlədən İran İslam Respublikası həmin qondarma qurumu rəmsən tanımamışdır. Həmin əyalət Azərbaycan Respublikasının ərazisi olsa da, Respublikamız faktiki ora nəzərət edə bilmir. Lakin bizi narahat edən başqa məsələdir. Sözü gedən radionun aparıcılarının danışıq tərzinin linqivistik analizinin nəticəsi güman etməyə əsas verir ki, həmin şəxslər İran İslam Respublikasının ərazsində yaşayan talışlardır. Yəni biz ehtimal edirik ki, həmin radio şirkətində İran İslam Respublikasının vətəndaşı olan talışlar çalışırlar.
Bir müsəlman və ölkə başçısı olaraq Sizdən xahiş edirik ki, vətəndaşlarınızın Azərbaycan Respublikasının nəzərətsiz ərazsisndə çalışmasını əngəlləyəsiniz. Yəni sizin ölkənin vətəndaşları Azərbaycan Respublikasının ərazisi olan Şuşa şəhərinə rəsmi viza ilə daxil ola bilərlər. Lakin onlar bunu etməyiblər. Bununla onlar həm ölkəmizin qanunlarına, həm də islam dininin prinsiplərinə zidd olaraq Qarabağda axan şəhidlərimizin qanına hörmətsizlik ediblər. Bu cür hallar nəinki iki dövlət arasında rəsmi münasibətlərə, hətta ölkələrimizdə yaşayan xalqlar arasında dostluq münasibətlərinə zərbə vurur. Biz talışlar istəmərik ki, xalqımızın adı iki dövlət arasında, xalqlararası münaqişə və mübahisələrdə hallandırılaraq narazılıq obyekti olsun.
Biz ümüd edirik ki, siz bir ölkə başçısı, bir müsəlman və ən əsası bir ədalətli insan kimi problemin həll olunmasına əlinizdən gələn köməkliyi edəcək və bir daha İran İslam Respublikasının Qarabağ münaqişəsində rəsmi və insani mövqeyini sərgiləyəcəksiniz.
Fürsətdən istifadə edib Sizə və bütün İran xalqına sülh, əmin-amanlıq və tərəqqi arzu edirik."
Müraciət Respublika Talış Mədəniyyət Mərkəzinin sədriRafiq Cəlilov, "Hirkan” jurnalının redaktoru Rabil Abdinov, hüquq müdafiəçisi Ataxan Əbilov tərəfindən imzalanmışdır.