
Azərbaycan Demokratik Partiyasının Ali Məclisinə
Respublika Talış Mədəniyyət Mərkəzi və
Azəri – Talış İctimai Birliyinin
MÜRACİƏTİ
Dəyərli ADP Ali Məclis üzvləri!
Respublika Talış Mədəniyyət Mərkəzi və Azəri – Talış İctimai Birliyi bu müraciətlə son zamanlar partiyanızın sədri Sərdar Cəlaloğlunun müxtəlif KİV səhifələrində Azərbaycan Respublikasının köklü xalqlarından biri olan talışlara qarşı aşağılayıcı ifadələr işlətməsindən ciddi narahatçılığını bəyan edir.
Bilirsiniz ki, fəaliyyətimizin Ali məqsədi Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyüdür. Belə olan halda S. Cəlaloğlunun bizlərə az qala "separatçılıq” damğası vurmağı qətiyyən başa düşüləsi deyil.
16 may 2013-cü il tarixdə, "Azadlıq” radiosunun "İşdən sonra” verilişində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə "talışlardansa, ermənilərin iştirakı”nı daha düzgün hesab edən S. Cəlaloğlu "Bakuinfo” portalında bir az da irəli gedərək, 1993-cü il "Lənkəran hadisələri” ilə yerli-yersiz manipulyasiya edir və "bunun adı Milli Şuradırsa, milli azlıqların orda nə işi var?”- deyərək, bölücü və ikibaşlı fikirlər söyləyir. Fikrimizcə, bu sayaq düşüncə tərzi ölkəmizdə azsaylı xalqlara qarşı açıq-aydın sayğısızlıq nümunəsi kimi dəyərləndirilməlidir.
Respublika Talış Mədəniyyət Mərkəzi və Azəri – Talış İctimai Birliyi hesab edir ki, ölkəmizin aborogen xalqları ilə bağlı ADP sədri S. Cəlaloğlu tərəfindən ifadə olunan bir çox mülahizələr Azərbaycan dövlətçilyinin və ərazi bütövlüyünün əlehyinə yönəlmiş antimilli, eləcə də antiinsani fikirlərdir. Ən pisi isə budur ki, çox vaxt belə subyektiv münasibətlər ADP-nın rəsmi mövqeyi kimi təqdim olunur.
Biz inanırıq ki, ADP Ali Məclisi, o cümlədən partiyanın sıravi üzvləri sağlam məntiqə malik əsl vətənpərvər insanlardır. Ümid edirik ki, onlar S. Cəlaloğlunun vətənimizin xalqları barəsində səsləndirdiyi qeyri-etik fikirləri bölüşmür və Azərbaycanın gələcəyini ölkəmizin qardaş xalqlarının monolit birliyində görürlər.
S. Cəlaloğlunun qüsurlu məntiqini bölüşənlər anlamalıdırlar ki, Azərbaycanın GƏLƏCƏYİNƏ, QÜDRƏTİNƏ yalandan özünü demokrat göstərməklə xidmət etmək olmaz, - bu GƏLƏCƏK və QÜDRƏT, müvafiq olaraq əsil DEMOKRATİYA, xalqlarımızın həqiqi qardaşlığından keçərək, durulub saflaşmalıdır. Buna alternativ yoxdur!
Hörmətli ADP Ali Məclisi!
Ümid edirik ki, partiyanın sədri S. Cəlaloğlu ölkəmizin azsaylı xalqlarına qarşı zaman-zaman ifadə etdiyi neqativ fikirlər ADP-nin Ali Məclisində müzakirə predmeti olacaq və müvafiq qərar çıxarılacaqdır.
Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri
Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri