Главная » 2011»Апрель»22 » Professor Novruzəli Məmmədovun həbsdə ölməsi faktı üzrə məhkəmə prosesi keçirilib (video)
15:03
Professor Novruzəli Məmmədovun həbsdə ölməsi faktı üzrə məhkəmə prosesi keçirilib (video)
Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, "Tolışi-Sədo” qəzetinin baş redaktoru professor Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və 2011-ci il aprelin 16-da vəfat etmiş oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Ramiz Məmmədovun sözlərinə görə, prosesdə ilk olaraq, məhkəmə tərəfindən prosesə dəvət edilən Tibb Universitetinin Ekspertiza Şöbəsinin rəhbəri Zahid Məmmədov ifadə verib. O, ifadəsində mərhum jurnalistin barəsində verilən tibbi rəylərin düzgün olmasını bildirib.
İddiaçıların vəkili R. Məmmədov isə N.Məmmədovun beyin qansızması ilə bağlı verilən tibbi rəylərin əsassız hesab və qanunsuz olduğunu, həmçinin mərhum jurnalistin müalicə müəssisəsinə daxil olarkən soyuqdəyməsi olsa da, bu faktın heç bir tibbi vərəqədə qeyd olunmadığını və onun müalicəsinə laqeyd münasibət göstərildiyini qeyd edib.
Daha sonra hakim İ. Dəmirov prosesi 29 aprel saat 10:30-a qədər təxirə salıb.
Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü ("Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun beyin qansızması nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.