Главная » 2011»Сентябрь»30 » Tomas Hammerberq: “Biz Azərbaycanda jurnalistlərin və insan hüquqları uğrunda mübarizlərin təqib olunmasından narahatıq”
12:02
Tomas Hammerberq: “Biz Azərbaycanda jurnalistlərin və insan hüquqları uğrunda mübarizlərin təqib olunmasından narahatıq”
"Azərbaycanda fikrin ifadə olunması, assosiasiya və dinc toplaşma azadlığı ciddi çətinliklərlə üzləşib. Bu əsas insan hüquqlarını dəstəkləmək üçün təcili tədbirlər görülməlidir”, - Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq bu il Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayarkən bildirib.
Komissar təəssüflə qeyd edib ki, həmin sahələrdə verdiyi tövsiyələrin əksəriyyəti həyata keçirilməyib. Bəzi hallarda hakimiyyətin qəbul etdiyi addımlar Azərbaycanın insan hüquqları ilə bağlı öhdəliklərinə zidd olub.
"Mənim tövsiyələrimdən biri jurnalistlərə qarşı əsassız və selektiv cinayət təqiblərinə son qoyulması ilə bağlıdır. Lakin bu cür tədbirlərin tətbiqi az da olsa zəifləməyib. Belə ki, deputatlığa namizədlərin, jurnalistlərin və gənc fəalların həbsində uydurma ittihamlardan istifadə olunub.
Bu cür qorxutmalar insan hüquqları və qanunun aliliyinə əsaslanan demokratik cəmiyyətin prinsipləri ilə uzlaşmır. Baxışlarına və fikirlərinə görə həbs olunmuş şəxslərin hamısı azadlığa buraxılmalıdır”, - Hammerberq vurğulayıb.
Həmçinin komissar son aylar yerli və beynəlxalq QHT-lərin öz fəaliyyətləri ilə bağlı çətinliklə üzləşmələri barədə məlumatdan narahat olduğunu bildirib.
O, bu yaxınlarda bir neçə hüquq- müdafiə təşkilatının yerləşdiyi Sülh və Demokratiya İnstitutunun binasının sökülməsi ilə bağlı narahatlığını bildirib.
"Məhkəmə qərarına zidd olaraq bu qanunsuz hərəkətlərə görə məsuliyyət daşıyanlar müəyyən olunmalıdır. Zərərçəkənlər mülkiyyət itkisinə görə adekvat kompensasiya almalıdır”, - o bildirib.
Komissarın narahatlığının digər səbəbi 2011-ci ilin mart və aprel aylarında Bakıda keçirilən etiraz aksiyalarda fəalların və siyasi opponentlərin həbsidir. "Bu etirazlar qeyri-adekvat güc tətbiqi ilə dağıdılıb, jurnalistlərin işi çətinləşdirilib. İctimai asayişi pozmaqda təqsirli bilinən bir neçə nəfər saxlanılıb. Avqustun 25-də bu iş üzrə altı nəfər müxalifət fəalı mühakimə olunub. Lakin bu qərarların insan hüquqları standartlarına uyğun olması bir çox məsələ doğurur”, o bildirib.
Komissar Azərbaycan hakimiyyətini Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququna uyğun olaraq dinc toplaşma azadlığına hörmətlə yanaşmağa çağırır.
"Fikrin ifadə olunması, assosiasiya və dinc toplaşma demokratik cəmiyyətin məcburi prinsipləridir. Hakimiyyət onları təmin etmək üçün effektiv tədbirlər həyata keçirməlidir”, - o vurğulayıb.