Главная » 2012 » Апрель » 16 » Arif Yunusov: Repressiyalar siyasəti cəmiyyətin radikallaşmasına səbəb olur
21:36
Arif Yunusov: Repressiyalar siyasəti cəmiyyətin radikallaşmasına səbəb olur
Bazar ertəsi "Diplomat” otelində məşhur ekspert, Sülh və Demokratiya İnstitutunun (SDİ) konfliktologiya departamentinin rəhbəri Arif Yunusovun "Azərbaycan İslam Partiyası” kitabının təqdimatı keçirilib. Bu, onun Azərbaycanda islam probleminə həsr olunmuş ikinci kitabıdır. "Azərbaycanda islam” adlı ilk monoqrafiya 2004-cü ildə işıq üzü görüb.
Yunusov qeyd edib ki, o, islamın Azərbaycanda siyasi amil kimi tədricən güclənməsini proqnozlaşdırırdı. Bu ehtimal islam tərəfdarlarının çoxunun gənclər olduğunu göstərən sosioloji araşdırmalara əsaslanırdı.
Digər tərəfdən, insan hüquqlarının pozulması siyasəti dünyəvi demokratik dəyərlərdən məyusluq yaradır və dini əhval-ruhiyyənin artmasına səbəb olur.
Yunusovun məlumatına görə, SSRİ dağıldığı zaman ölkə müsəlmanlarının cəmi 2-3%-i islamın tələblərinə (namaz, müntəzəm olaraq məscidlərə getmə) tam riayət edirdilərsə, 2000-ci illərin əvvəllərində bu göstərici 10%-ə, bu gün isə 20%-ə qədər artıb.
Bununla yanaşı, ekspert islamın Azərbaycanda siyasi proseslərə bundan sonrakı təsirləri ilə bağlı birmənalı proqnoz verməkdən yayınıb. Belə ki, siyasi proseslərdə bütün dindarlar fəal deyil.
Yunusov hesab edir ki, dindarlar üç böyük qrupa bölünüb – şiələr, nurçular və sələfilər. Onların vahid və xarizmatik lideri yoxdur. Eyni zamanda, ölkədə həm cəmiyyətin dünyəvi təbəqələri, həm də dindarlar eyni səviyyədə təqib olunur.
Mahiyyətcə, bu gün Azərbaycanda cəmiyyətin məcburi radikallaşdırılması gedir. Hələlik bu proseslərin qarşısı alınmır, amma müəyyən mərhələdə onların hakimiyyətin repressiv və antidemokratik siyasətinə qarşı birləşməsi qaçılmaz olacaq. Və həmin vaxt islam amilindən istifadə ediləcəyi və bunun üstünlük təşkil edəcəyi istisna deyil. Hakimiyyət zorakılıqdan istifadə edərək mütləq cavab zorakılığı ilə qarşılaşacaq, müəllif belə hesab edir.
Ekspert İranda belə islam inqilabının sırf dini şəkildə başlamadığına, hər şeyin şah əleyhinə çıxışlarla başladığına diqqət çəkib. Amma yenə də, müəllif Azərbaycanda İran ssenarisi ilə inkişaf ehtimalının az olduğunu düşünür.
Onun fikrincə, Azərbaycanda islamçıların güclənməsinin Türkiyə variantı daha çox mümkündür. Müəllif topladığı materialların çoxunu kitaba daxil edə bilməyib, belə ki, 11 avqust 2011-ci ildə Sülh və Demokratiya İnstitutunun vəhşicəsinə sökülməsi zamanı sorğular, müsahibələr, dəyirmi masaların materialları məhv olub.