Главная » 2012»Ноябрь»1 » D-r Hilal Məmmədovun hüquqlarının Müdafiəsi Komitəsinin həmsədrinin BƏYANATI
14:40
D-r Hilal Məmmədovun hüquqlarının Müdafiəsi Komitəsinin həmsədrinin BƏYANATI
31 oktyabr tarixində Avropa Şurasının Bakı nümayəndəliyində bir qrup hüquq müdafiəçisinin Avropa Şurası baş katibinin müavini Qabriela Bataina-Dragoni ilə görüşü keçirilib. Görüş barədə hüquq müdafiəçisi Leyla Yunusun verdiyi məlumatdan belə aydın olur ki, bəzi hüquq müdafiəçiləri, xüsusən də Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı həbsdə olan hüquq müdafiəçisi, "Tolışi Sədo” qəzetinin baş redaktoru, fizika-riyaziyyat elmləri namizədi, d-r Hilal Məmmədovun həbsinin motivlərini bilərəkdən qeyri-dəqiq məcralara yönəltməklə, həmən həbsin siyasi sifarişli olduğunu təkzib etməyə çalışmışlar. Səadət Bənənyarlı bir az da irəli gedərək d-r Hilal Məmmədovu "separatçı Talış Partiyasının lideri” adlandıraraq, onun həbsinin siyasi motivli olmadığını vurğulamış, d-r Hilal Məmmədovun siyasi və vicdan məhbusu olmadığını qeyd etmişdir. Novella Cəfəroğlu və Səidə Qocamanlı isə d-r Hilal Məmmədovun "talış aktivisti olduğu üçün həbs edilib” fikrinin Azərbaycan əleyhinə yönəlmiş bir təbliğat olduğunu, Leyla Yunusun bu ifadəni gündəliyə gətirməsinin arxasında pul faktorunun durduğunu qeyd etmişlər.
D-r Hilal Məmmədovun hüquqlarının Müdafiəsi Komitəsinin həmsədri kimi bəyan edirəm ki, d-r Hilal Məmmədov məhz talış mədəniyyətinin, folklorunun, tarixinin tədqiqində göstərdiyi səylərə görə həbs edilmiş, onun həbsi ilə talış xalqının yaşam tərzinə növbəti bir zərbənin vurulması qət edilmişdir. Belə ki, d-r Hilal Məmmədov 2012-ci ilin iyun ayının 13-də Astara rayonunda "Talış Folklor Gecəsi” təşkil edərkən bir sıra qurumlardan "bunu etmə, nəticəsi pis olar” kimi hədə-qorxular almış, bütün bunlara baxmayaraq həmən folklor gecəsini keçirtmişdir. Xüsusi qeyd etmək lazımdır ki, bu olayacan d-r Hilal Məmmədov talış dilini və tarixini araşdıran şəxslər barədə xüsusi araşdırmalar da aparırdı. Astarada təşkil edilmiş folklor gecəsindən bir həftə sonra d-r Hilal Məmmədov həbs edilərkən onun milli kimliyi ağır söyüşlərlə təhqir edilmiş, ona "özfəaliyyətinin cəzası veriləcəyi” barədə xəbərdarlıqlar edilmişdir.
D-r Hilal Məmmədovun hüquqlarının Müdafiə Komitəsinin həmsədri olaraq bildirirəm ki, d-r Hilal Məmmədovun həbsi siyasi sifarişlidir və birbaşa onun milli kimliyi ilə əlaqəlidir. D-r Hilal Məmmədov öz xalqının yaşam hüquqları uğrunda daima mübarizə aparmış, bu işdə Azərbaycan Respublikasının müvafiq Qanunlarının icazə verdiyi üsullardan yararlanmış, heç vaxt milli və dini ayrıseçkilikdə maraqlı olmamışdır. D-r Hilal Məmmədovun "separatçı Talış Partiyasının lideri” (ümumiyyətlə belə bir partiyanın movcudluğu barədə heç bir fakt yoxdur) fikiri bilərəkdən ortaya atılmış bi fikirdir ki, bunun da arxasında milli məsələlərdə bəzi "hüquq müdafiəçilərinin” iqtidarın yanında olduğu aydın olur.
D-r Hilal Məmmədovun hüquqlarının Müdafiəsi Komitəsinin həmsədri kimi bildirirəm ki, d-r Hilal Məmmədovla bağlı yalnız onun müdafiə komitəsi və d-r Hilal Məmmədovun ailəsi tərəfindən əməkdaşlıq edilən hüquq müdafiəçisi Leyla Yunus hər hansı bir bilgilər verə bilərlər. Digər şəxslərin verdikləri bilgilərin heç bir hüquqi əsası yoxdur və hesab edirik ki, düşünülmüş şəkildə söylənilən bu bilgilər d-r Hilal Məmmədovun əleyhinə hesablanmışdır. Rafiq Cəlilov, D-r Hilal Məmmədovun hüquqlarının Müdafiəsi Komitəsinin həmsədri
İqtidara quyruq bulayanlardan nə hüquq müdafiəçisi? Səadət Bənənyarlı, Novella Cəfəroğlu(qızı), Səidə Qocamanlı. Bunlar Hüquq müdafiəsi hərəkatına yapılmış bir yamaq və iyrənc bir ləkədir. Bu adları yaxşı yadda saxlayın. Onların bu cür həyasız hərəkətlərinin hələ dəfələrlə şahidi olacaqsınız
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]