Главная » 2011 » Сентябрь » 30 » Lankona səfər etmiş jurnalist qrupu artıq Bakıdadır
23:07
Lankona səfər etmiş jurnalist qrupu artıq Bakıdadır
Lankona səfər etmiş jurnalist qrupu Bakıya qayıdıb. "Yeni Müsavat”, "Xural” qəzetləri, "Turan” İnformasiya Agentliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun jurnalistlərindən ibarət qrup Lankona Redaktorlar Birliyinin qərarı ilə getmişdi. Səfərdə məqsəd "Xural” qəzetinin Talış üzrə müxbiri Aydın Canıyevin həbsinin başvermə şəraitini öyrənmək olub.
Sentyabrın 30-da qrup Bakıda Redaktorlar Birliyinin üzvləri ilə görüşüb və səfər təəssüratlarını bölüşüb. "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı "Media forum” saytına deyib ki, jurnalistlər Lankonda keçirdikləri görüşlərin təfərrüatlarını dərc edəndən sonra Redaktorlar Birliyi yenidən toplanacaq və Aydın Canıyevin işi ilə bağlı hansı addımların atılmalı olduğunu müəyyənləşdirəcək.
Aydın Canıyev vətəndaş Zemfira Xəlilovanı təhqir etmək və Lankonun Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və 12 sutkalıq inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və sentyabrın 20-də Lankon Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lankon Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin "Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub.
"Xural” qəzetinin redaktoru Əvəz Zeynallı bildirir ki, Aydın Canıyev Lankonda din xadimlərini, əsasən Qafqaz Müsəlmanları İdarəsinin cənub regionu üzrə nümayəndəsi Qəni Axundzadəni tənqid etdiyinə görə təqib olunur.
Sentyabrın 29-da Qəni Axundzadə mətbuat qrupu ilə görüşündə bildirib ki, şəxsi təhqirə görə Aydın Canıyevin cəzalandırılmasını tələb edəcək.