"Milli Şura rəhbərliyində seperatçılıq, bölücülük təbliğ edən insanlar var”
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov Moderator.az saytına açıqlamasında Milli Şuradan ayrılma səbəbləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Milli Şura rəhbərliyində təmsil olunan bəzi insanların xalqlar arasında nifaq toxumu səpdiyini vurğulayan M.Səfərov, C.Həsənlinin də ünvanına konkret ittihamlar səsləndirib:
"Milli Şurada mənim şəxsimə qarşı, fərd olaraq hər hansı bir təzyiq olmayıb. Milli Şurada ləyaqətli, demokratik təfəkkürlü insanlar var və mənim bu insanlarla heç bir işim yoxdur. Lakin Milli Şura rəhbərliyində təmsil olunan bəzi insanların Azərbaycanın demokratikləşməsi, bərabərhüquqlu dövlət quruculuğu, demokratiya fəlsəfəsi ilə mənim fəlsəfəm üst-üstə düşmür. Onlar Azərbaycanda birtərəfli, monoetnik, monopolyar bir cəmiyyət görmək istəyirlər. Mən bu fəlsəfə və ideologiyanı qəbuledilməz hesab edirəm. Bir insan ki, Milli Şuranın rəhbərliyində təmsil olunur və daha sonra Azərbaycanda seperatçılıq, bölücülük təbliğatı aparır, xalqlar arasında nifaq toxumu səpir, o insanların rəhbərliyi altında fəaliyyət göstərmək istəmədim.
Mən konkret ad da çəkə bilərəm, məsələn Hacıbaba Əzimov. Mənim onun rəhbərliyi altında ədalətli cəmiyyət formalaşacağını gözləməyim mümkün deyil. Onu Milli Şura aparatına təklif edən təşkilatın sədri professor Cəmil Həsənli olub. Deməli, C.Həsənlinin dünyagörüşünün özündə problem var. Əgər bu şəxsin dünyagörüşündə problem varsa, bu işi bir qədər maskalanmış formada həyata keçirirsə, deməli ortada Azərbaycan cəmiyyəti üçün təhlükə var.
Mən bu təhlükəli tendensiyaları duydum və orda qalmağı rəva görmədim. Məni ordan kimsə qovmayıb. Lakin mənim vicdanım və ləyaqət hissim yol vermədi ki, Azərbaycandakı azsaylı xalqlara aşağılayıcı tonda yanaşmanı görüb orda qalım. Mən belə münasibəti qəbuledilməz hesab edirəm. Biz Azərbaycan türklərini özümüzə qardaş sayırıq. Azərbaycanda əsas etnos onlar olduğu üçün ölkənin əsas taleyi onların çiynindədir. Lakin biz özümüzə, öz mədəniyyət və dilimizə qarşı hörmət hissi gözləyir, onlardan bunu tələb edirik. Biz bütün bunların Azərbaycanın ərazi bütövlüyünə məhəbbət və konstitusiya daxilində həyata keçirilməsini istəyirik. Lakin Milli Şura rəhbərliyindəki bəzi şəxslərdə bu olmadığı üçün mən bu qurumdan getməyə qərar verdim”.
Seymur Əliyev
http://moderator.az/