Главная » 2013 » Июль » 28 » Moskvada həmvətənlərimiz İbrahimbəyova dəstək olmağa çağırıldı
02:07
Moskvada həmvətənlərimiz İbrahimbəyova dəstək olmağa çağırıldı
Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiya nümayəndəliyinin rəhbəri Qalib Hüseynov iyulun 26-da Moskvanın Brülyov rayonunda məskunlaşan Azərbaycan vətəndaşları ilə görüş keçiriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və qarşıdan gələn seçkilər müzakirə predmeti olub.
Görüş iştirakçıları Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətindən və bu dəfə də seçkilərin saxtalaşdırıla biləcəyindən narahatlıqla danışıblar. Ölkəmizdəki ədalətsizliklər, ictimai-siyasi fəallara qarşı repressiyalar, sosial-iqtisadi bərabərsizlik və bütün bunların nəticəsi kimi, vətəndaşlarımızın xarici ölkələrə pənah aparmağa məcbur qalmaları da görüşdə danışılan mövzulardan olub.
Görüş iştirakçıları bildiriblər ki, Azərbaycandakı qanunsuzluq və məmur özbaşınalıqlarını Rusiyada yaşayıb-işləmək məcburiyyətində qalan həmvətənlərimiz də öz üzərlərində hiss edirlər. Bu insanlar bir neçə günlük vətənə, ailələrinin, yaxınlarının yanına gedəndə yerli məmurlar, hüquq-mühafizə əməkdaşları onları dərhal tapır və "Rusiyadan gəlmisən” deyə rüşvət tələb edirlər. Buna görə də həmvətənlərimizin çoxu illərlə ailələrinə baş çəkmirlər.
Görüşdə eyni zamanda AAMBŞ rəhbərliyi həmvətənlərimizi qarşıdan gələn prezident seçkisində müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyova dəstək olmağa və ona səs verməyə çağırıb.