Главная » 2011»Февраль»1 » Rəcəb Tayyib Ərdoğan: Hörmətli Mübarək, xalqın tələblərinə qulaq asın
15:45
Rəcəb Tayyib Ərdoğan: Hörmətli Mübarək, xalqın tələblərinə qulaq asın
"Hörmətli Mübarəkə bir tövsiyəm var. Bu dünyadan köçdükdən sonra bizə əməllərimizlə qiymət veriləcək. Müsəlman olaraq gedəcəyimiz yer 2 kvadrat metrlik torpaqdır. Xalqın hayqırtısına, insani tələblərinə qulaq asın. Hörmətli Mübarək, Misirin yaxşılığı üçün öncə siz addım atın, xalqı razı salacaq addım atın”.
Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib. Misirdəki hadisələrə toxunan R.T.Ərdoğan bildirib ki, millətin iradəsindən qorxmaq lazım deyil: "Dəyişiklik və sabitlik arasındakı balans qorunmalıdır. Biz demokratiyadan xaos, radikalizm doğacağına inanmırıq. Biz üzərimizə düşənləri edəcəyik, amma vəziyyətdən sui-istifadə etməyəcəyik”.
Türkiyənin baş naziri çıxışında Misir xalqına da müraciət edib: "Misirli qardaşlarıma səslənirəm: nümayişlərdə silahdan uzaq durun. Biz bir nəfərin belə burnunun qanamasını istəmirik. Hüquq və azadlıqlar uğrunda mübarizə aparmaq ən təbii haqqınızdır, amma terrora baş vurmadan. Misirdə və Tunisdə islahatlar aparılması ən böyük arzumuzdur”.