Главная » 2012 » Март » 6 » Rejimi ağır günlər gözləyir: „Humanist” hakimiyyətin polis nəfərləri gəncləri döyə-döyə aksiyasını dağıdıb
21:10
Rejimi ağır günlər gözləyir: „Humanist” hakimiyyətin polis nəfərləri gəncləri döyə-döyə aksiyasını dağıdıb
Martın 6-da bir qrup gənc fəal Bakıda, metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığında etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyaçılara hücum edib, zor və dəyənəkdən istifadə edərək onları tutub polis idarəsinə aparıb. Aksiyaya səbəb 2011-ci il 2 aprel hadisəsi zamanı tutulan Məhəmməd Məcidli və Babək Həsənovun başqa düşərgəyə köçürülərkən döyüldükləri barədə yayılan məlumat olmuşdur. Aksiyaçılardan Dəyanət Babayev və bu yaxınlarda həbsdən buraxılan Cabbar Savalanlı ciddi xəsarət alıb.
Əliyevin polis dövləti bir neçə gəncə qalib gələ bilib, amma "humanist” hakimiyyəti çətin günlər gözləyir. "Eurovision 2012” mahnı müsabiqəsi günlərində Bakıya minlərlə əcnəbi tamaşaçı ilə yanaşı yüzlərlə beynəlxalq hüquq müdafiəçiləri gələcəkdir. Beynəlxalq hüquq müdafiəçilərinin məqsədi Azərbaycanda avtoritar rejimə qarşıdinc mübarizədə yerli qüvvələrə arxa çıxmaqdır. Və şübhə yoxdur ki, "Avroviziya” günlərində Bakıda tez-tez aksiyalar, piketlər və başqa növ etiraz nümayişləri keçiriləcəkdir. Şübhə yoxdur ki, Əliyev rejimi bu aksiyalara polis gücü ilə cavab verməyə çalışacaq. Və xalqın konstitusiyada qeyd edilmiş hüquqlarından istifadə etməsinə imkan verməməklə İlham Əliyev xaricdə milyonlarla dollar vəsait xərcləyib yaratmağa çalışdığı "demokrat” və "humanist” imicinə sağalmaz zərbə endirəcək, əsl simasını dünyaya bir daha nümayiş etdirəcəkdir.
Əliyev rejimini çətin günlər gözləyir...
Mirzə Xəzər, 06.03.2012, http://mirzexezerinsesi.net