Главная » 2012 » Сентябрь » 2 » Beynəlxalq təşkilatlar Hilal Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edir
11:58
Beynəlxalq təşkilatlar Hilal Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edir
Beynəlxalq Insan Hüquqları Federasiyası (FIDH) və Işgəncələrə qarşı Ümumdünya Təşkilatının (OMST) birgə proqramı olan Hüquq Müdafiəçilərinin Hüquqlarını Müdafiə Rəsədxanası Azərbaycanda həbs edilmiş hüquq müdafiəçisi Hilal Məmmədovun işinə dərhal müdaxilə etməyə çağırıb.
OMST-un press-relizində deyilir ki, Nəsimi rayon məhkəməsi hüquq müdafiəçisi və "Tolışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədovun işinin araşdırılması zamanı qeyri-insani rəftar və işgəncələrlə bağlı şikayətini təmin etməyib. Hakim təhqiqatın qapalı keçirilməsi haqqında qərar qəbul edərək, jurnalistləri və Məmmədovun hüquqlarını müdafiə komitəsinin üzvlərini iclasda iştirakdan məhrum edib.
Bundan əvvəl baş prokurorun müavini də Hilal Məmmədovun həbsdə saxlandığı ilk günlərdə də işgəncələrə məruz qalması haqqında hələ iyunda verdiyi şikayətin araşdırılmasına başlamaqdan imtina edib.
Rəsədxana məhkəmənin özbaşına qərarını qəti şəkildə pisləyir və açıq-aşkar Məmmədovu susdurmaq cəhdi kimi qiymətləndirir. Rəsədxana xatırladır ki, hakimiyyət öz öhdəliklərini yerinə yetirməli və saxlanılan şəxslərə qarşı işgəncələrə və digər ləyaqəti alçaldan rəftara yol verməməlidir.
Rəsədxana bütün səlahiyyətli hakimiyyətləri tez, ətraflı və qərəzsiz təhqiqat aparmağa və bütün təqsirliləri müəyyən etməyə çağırır. Qəzetin Hilal Məmmədovdan əvvəlki redaktoru Novruzəli Məmmədovun həbsdə qeyri-insani rəftardan vəfat etdiyini nəzərə alaraq, Rəsədxana hakimiyyəti Hilal Məmmədovun fiziki və psixoloji toxunulmazlığına zəmanət verməyə və onu dərhal və qeyd-şərtsiz azad etməyə, habelə ona qarşı davam edən məhkəmə təqiblərinə son qoymağa çağırır.
Press-relizdə Azərbaycan rəhbərliyinin adına yuxarıda qeyd edilən tələblərin yerinə yetirilməsi tələbi ilə müraciət yazmaq çağırışı yer alır.